Əraqçi ilə Putin nə danışdılar

Vladimir Putin Sankt-Peterburqda Abbas Əraqçi ilə görüşür.

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüşdə Putin Tehrana ABŞ və İsraillə münaqişədə güclü dəstək bildirib. Hər iki tərəf ölkələri arasında əlaqələrin möhkəmliyini vurğulayıb.

Putin görüşdən sonra bildirib: "İran xalqının öz müstəqilliyi və suverenliyi uğrunda necə cəsarətlə və qəhrəmancasına mübarizə apardığını görürük". O həmçinin qeyd edib ki, ötən həftə İranın yeni ali lideri Müctəba Xameneidən mesaj alıb və cavabında ona "səmimi minnətdarlıq sözləri" göndərib.

Putin Rusiyanın strateji münasibətləri davam etdirmək niyyətini vurğulayıb.

M.Xamenei atası Əli Xameneinin fevralın 28-də hava zərbəsində öldürülməsindən sonra ali lider elan edilib.

Əraqçi də Moskva ilə strateji tərəfdaşlığı davam etdirəcəklərini deyib: "Onlar həmişə bizi dəstəkləyiblər".

Vaşinqton bu isti münasibətlərdən narahatdır. Rusiya-İran əlaqələrinin sürətlə dərinləşməsi və Rusiyanın İrana hərbi kəşfiyyat məlumatları verdiyi barədə xəbərlər ABŞ Konqresində diqqət çəkib. Cənubi Karolinadan respublikaçı konqresmen Co Uilson Helsinki Komissiyasının dinləməsində deyib: "ABŞ təkcə İranla deyil, daha geniş Rusiya-İran oxu ilə üz-üzədir". Onun sözlərinə görə, iki ölkə silah transferi, kəşfiyyat məlumatlarının paylaşılması və sanksiyalardan yayınma taktikası üzrə əməkdaşlıq edərək ABŞ-ın qlobal liderliyinə meydan oxuyur.

Putin görüşdə Rusiyanın vasitəçi ola biləcəyi ehtimalını da irəli sürüb: "Sülhün mümkün qədər tez əldə olunması üçün öz maraqlarımıza və region xalqlarının maraqlarına uyğun olan hər şeyi edəcəyik". Rusiya rəsmiləri münaqişə boyunca oxşar açıqlamalar versə də, əsas vasitəçi kimi digər ölkələr önə çıxıb.

Fridrix Merts

27 aprel

Merts: Danışıqlar dalana dirəndikcə İran ABŞ-ni alçaldır

Almaniya kansleri Fridrix Merts bazar ertəsi bildirib ki, İran rəhbərliyi ABŞ-ni alçaldır – amerikalı rəsmilər Pakistana gedib, heç bir nəticə əldə etmədən geri qayıdıblar.

Merts onu da deyib ki, ABŞ-nin İran müharibəsindən çıxmaqla bağlı hansı strategiya yürütdüyünü görmür. Bu fikirlər Vaşinqtonla onun Avropadakı NATO müttəfiqləri arasında artıq Ukrayna və digər məsələlərlə bağlı dərinləşmiş fikir ayrılıqlarını bir daha ortaya qoyur.

"İranlılar danışıqlarda açıq-aşkar çox ustadırlar, daha doğrusu, danışıqlar aparmamaqda ustadırlar. Amerikalıların İslamabada getməsinə, sonra heç bir nəticə olmadan qayıtmasına imkan verirlər", – kansler Marsberq şəhərində tələbələrlə görüş zamanı bildirib.

"İran rəhbərliyi, xüsusilə də bu İnqilab Keşikçiləri bütöv bir xalqı alçaldır. Ümid edirəm ki, bu vəziyyət mümkün qədər tez başa çatar", – Merts vurğulayıb.

ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının açılmasına hərbi dəniz qüvvələri ilə dəstək vermədiklərinə görə sərt tənqid edib. Müharibə başlayandan bu su yolu faktiki olaraq bağlı qalıb və enerji təchizatında pozuntulara səbəb olub.

Merts deyib ki, ABŞ və İsrail fevralın 28-də İrana hücumlara başlamazdan əvvəl Almaniya və Avropa ilə məsləhətləşməyib. O, sonradan bu şübhələrini Trampa birbaşa çatdırıb.

Tramp aprelin 25-də elçilərinin Pakistana səfərinin təxirə salındığını bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi isə Pakistanda danışıqlar alınmayandan sonra Rusiyaya gedib.

Təhlilçi: Putin İranı nüvə güzəştlərinə sövq edə bilər

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın etibarını qazanmaq üçün İranı ABŞ ilə danışıqlarda güzəştlərə sövq etməyə cəhd göstərə bilər. Bunu mühacirətdə yaşayan iranlı siyasi təhlilçi Əmir Çahaki AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqda Putinlə danışıqlara gedib. Çahakinin sözlərinə görə, bu görüş diplomatik irəliləyiş üçün zəmin yarada bilər.

"Fikrimcə, bu gün Rusiya Tehranı nüvə proqramı ilə bağlı geri addım atmağa inandıra bilər. Eyni zamanda, Moskva Vaşinqtonu da qismən güzəştlərə sövq edə bilər. Məsələn, daha sərt nəzarət mexanizmləri müqabilində, bəlkə də, 10 ildən sonra məhdud zənginləşdirməyə icazə verilməsi kimi. Putinin masasında hazırda belə bir vasitəçilik imkanı var", – Berlində yaşayan təhlilçi bildirib.

ABŞ-İran danışıqlarında həlli çətin olan əsas mövzu İranda saxlanılan 450 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uranın gələcək taleyidir.

"Əgər Rusiya həm Tramp, həm də Tehranla — istər Ali lider Müctəba Xamenei, istərsə də digər güc mərkəzləri vasitəsilə — bu problemi həll edə bilsə, Putin Trampa böyük bir jest etmiş olar. İranın uran ehtiyatının bir hissəsini seyrəltməsi və ya qalan hissəni Rusiyaya təhvil verməsi belə bir həll yolu ola bilər", — Ə.Çahaki vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat brifinqində medianın suallarını cavablandırır.

Trampdan Tehrana 'zəng et' təklifi. Əraqçi Putinin qonağıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran danışmaq istəyirsə, "bizə zəng edə bilər". Ancaq əlavə edib ki, İran nüvə silahı hazırlamaq planlarından imtina etməlidir, əks halda görüşməyə səbəb yoxdur.

"Danışmaq istəyirlərsə, bizimlə görüşə gələ, yaxud bizə zəng edə bilərlər. Bilirsiniz, telefon var. Bizim yaxşı, təhlükəsiz xətlərimiz var", – Tramp aprelin 26-da "Fox News"a bildirib.

"Onlar razılaşmada nələrin olmalı olduğunu bilirlər. Bu çox sadədir: onların nüvə silahı ola bilməz, əks halda, görüşməyə səbəb yoxdur", –o əlavə edib.

Tehran israrla nüvə proqramının yalnız mülki məqsədlər daşıdığını bildirir. ABŞ və İsrail isə İranı gizli şəkildə nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir.

Tramp Tehrandan nüvə silahı istehsalında istifadə oluna biləcək uranın zənginləşdirilməsini dayandırmağı və mövcud yüksək zənginləşdirilmiş ehtiyatın təhvil verilməsini tələb edib. İran bundan imtina edib.

Pakistan vasitəçiliyi ilə təklif

"Axios" nəşri aprelin 26-da yazıb ki, Tehran Pakistan vasitəçiləri ilə işləyərək ABŞ-yə yeni təklif verib. Təklifdə Hörmüz boğazının yenidən açılması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın qaldırılması nəzərdə tutulur, İranın nüvə proqramı üzrə danışıqlar isə sonraya saxlanıla bilər. Bunu nəşrə adı açıqlanmayan ABŞ rəsmisi və mövzuya bələd iki mənbə bildirib.

İkinci raund təxirə salınıb

Danışıqların ikinci raundunun həftəsonu Pakistanda başlaması planlaşdırılırdı. Tehran nümayəndə heyətinin amerikalılarla görüşməyi planlaşdırmadığını bildirəndən sonra Tramp Ağ evin təmsilçiləri Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İslamabada səfərini ləğv etdiyini açıqlayıb.

Tramp sosial şəbəkədə yazıb ki, İran təmsilçiləri ilə ölkə daxilindəki hakimiyyət arasında fikir ayrılıqları var: "Səfərlərə çox vaxt getdi, iş isə çoxdur! Üstəlik, onların rəhbərliyi daxilində böyük çəkişmə və qarışıqlıq var".

Livanda döyüşlər

ABŞ, İsrail ilə İran arasında atəşkəs qüvvədə qalsa da, İsrail-Livan razılaşması zəifləyir.

Livan rəsmilərinin bildirdiyinə görə, aprelin 26-da İsrailin zərbələrindən azı 14 nəfər ölüb, 37 nəfər yaralanıb. Bundan əvvəl İsrail ordusu sakinləri nəzarətində olan bufer zonasından kənardakı yeddi yaşayış məntəqəsini tərk etməyə çağırıb.

İsrail ordusu İranın müttəfiqi olan "Hizbullah" qruplaşmasını atəşkəsi pozmaqda ittiham edib və cavab verəcəyini bildirib.

"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiya olaraq Livanda güclü təsirə malikdir. ABŞ onu terror təşkilatı kimi tanıyır. Avropa İttifaqı (Aİ) isə yalnız silahlı qanadını qara siyahıya salıb.