ABŞ Senatının Xarici əlaqələr komitəsinin demokrat üzvləri prezident Donald Trampı 30-dək səfirin geri çağrılmasını dayandırmağa çağırıb. Senatorlar bu addımın ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada biləcəyini deyiblər.
Senatorların fikrincə, veteran diplomatların geri çağrılmasının yaratdığı boşluğu Rusiya və Çin sürətlə doldura bilər. Xəbəri "The Financial Times" yayıb.
Bu qərardan öncə 80 səfir postu boş idi.
Dekabrın 24-də açıqlanmış məktubda demokratlar xəbərdarlıq edirlər ki, dünya üzrə ABŞ diplomatik korpuslarının yarıdan çoxu səfirsiz qalacaq.
"Çin, Rusiya və digərləri bizim tərk etdiyimiz ölkələrdə xarici liderlərlə effektli təmasları saxlayacaq, bu isə rəqiblərimizə təsir dairəsini genişləndirməyə, ABŞ-nin maraqlarını məhdudlaşdırmağa, hətta ziyan vurmağa imkan verəcək", – məktubda deyilir.
Dövlət Departamentinin aparıcı rəsmisi isə bu addımı istənilən administrasiyada "standart proses" adlandırıb.
"The Financial Times" iyulda Dövlət Departamentinin 1300-dən çox əməkdaşının işdən çıxarıldığını, bu qurumun Trampın prioritetlərinə uyğun yenidən qurulduğunu yazır.
22 dekabr
Tramp Ermənistan da daxil, 29 ölkədən səfirləri geri çağırır
Donald Tramp administrasiyası 30-dək ölkədən səfirləri, digər yüksəkvəzifəli səfirlik əməkdaşlarını geri çağırır.
“The Associated Press” yazır ki, ötən həftə azı 29 ölkədəki diplomatik missiyalara bu barədə xəbər verilib. Xəbəri Dövlət Departamentinin iki rəsmisi anonimlik şərti ilə danışıb.
Geri çağrılanların hamısı Bayden administrasiyası dövründə vəzifəyə təyin olunublar. Tramp ikinci prezidentlik dönəminə başlayanda ilk olaraq siyasi təyinatlara baxmışdı.
ABŞ səfirləri adətən 3-4 il xidmət edirlər, amma prezidentin istəyi ilə bu müddət dəyişə bilər.
Afrikada 13 ölkədən səfirlər geri çağırılır, bu sırada Niger, Nigeriya, Somali, Madaqaskar var.
Asiyadan altı, Avropadan dörd (Ermənistan, Makedoniya, Monteneqro, Slovakiya) ölkə siyahıda yer alıb.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ötən ilin dekabrında səhhəti ilə əlaqədar istefa verib. ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon bu ilin iyulundan Bakıda fəaliyyətə başlayıb.