Tramp və Rütte: Rusiya Ukraynadakı müharibəni genişləndirməməlidir

Donald Tramp və Mark Rütte Ankarada NATO sammitində

Rusiya Ukraynada apardığı müharibənin miqyasını böyüdəcək addımlardan çəkinməlidir. ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte noyabrın 25-də Floridada keçirdikləri görüşdən sonra yaydıqları birgə bəyanatda bu mövqeyi ifadə ediblər. Görüş zamanı İranla müharibə mövzusuna da toxunulub.

Ötən həftə Tramp Çində bu ölkənin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə bir araya gələrək onların hər ikisini öz dostu adlandırmışdı.

"Biz həmçinin Rusiyanın bilərəkdən və ya bilməyərəkdən müharibənin miqyasını genişləndirəcək hər hansı addımdan çəkinməsinin, eləcə də münaqişənin mümkün qədər tez sülh yolu ilə həllinin vacibliyini müzakirə etdik", –liderlərin bəyanatında vurğulanır.

Trampın Putinlə görüşü həm ölkə daxilindəki demokrat rəqiblərinin, həm də Avropadakı müttəfiqlərinin narazılığına səbəb olub. Avropalı müttəfiqlər Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-nin dəstəklədiyi danışıqlara qoşulmağa çalışırlar.

Trampın tənqidinə məruz qalan Ukrayna prezidenti Volodimir Zelenski isə Avropanın sülh danışıqlarına cəlb olunmasını vacib hesab edir.

Rütte böyük nüvə dövlətləri liderlərinin görüşməsinə normal yanaşdığını bildirib. NATO-nun baş katibi alyans daxilində gərginliyi azaltmağa və Trampın dəstəyini qoruyub saxlamağa çalışır.

Birgə bəyanata görə, Rütte və Tramp ABŞ-də və bütövlükdə NATO ölkələrində müdafiə xərclərinin, eləcə də bu sahəyə yönələn investisiyaların artırılmasını da nəzərdən keçiriblər.

Görüşdə İranla bağlı konkret hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.

Tramp NATO-nun müdafiə xərcləri, ticarət tarifləri və, öz fikrincə, İranla müharibəyə yetərincə dəstək verilməməsi səbəbindən Vaşinqtonun Qərbdəki demokratik müttəfiqlərini tez-tez tənqid edir.