Tramp: Co Bayden Ukraynaya yalnız müdafiəyə icazə verdi

ABŞ prezidenti Co Bayden Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür. 2023

ABŞ prezidenti Donald Tramp "True Social" sosial şəbəkəsindəki paylaşımında keçmiş prezident Co Baydenin Kiyevə işğalçı ölkəyə - Rusiyaya hücum etməyə icazə vermədiyini yazıb.

"İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətin, hətta mümkünsüzdür. Bu, güclü müdafiəsi olan böyük bir idman komandasına hücum etməyə icazə verməməyə bənzəyir. Belə halda qələbə şansı yoxdur! Ukrayna ilə Rusiya məsələsində də vəziyyət eynidir. Olduqca bacarıqsız Co Bayden Ukraynaya cavab hücumu etməyə icazə vermədi, yalnız müdafiə olunmağa şərait yaratdı. Bunun nəticəsi nə oldu? Amma bütün bunlara baxmayaraq, əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi - ŞANS SIFIR. Qarşıda maraqlı dövr bizi gözləyir!!!", - Tramp yazıb.

ABŞ prezidenti hər hansı təfərrüat açıqlamayıb.

Digər bir postunda isə Tramp Alyaskada Vladimir Putinlə görüşündən çəkilmiş fotoların və ABŞ vitse-prezidenti Riçard Niksonun SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovla 1959-cu ildə Moskvada keçirilən Amerika sərgisindəki görüşünün fotolarının kollajını paylaşıb.

ABŞ prezidenti bu yazıya şərh əlavə etməyib. 1950-ci illərin sonu ABŞ və SSRİ arasında münasibətlərin istiləşməsi dövrü kimi xarakterizə olunur.

Trampın bu postu Rusiya və Ukrayna prezidentləri arasında mümkün danışıqlar barədə xəbərlər fonunda paylaşılıb.

Tramp bazar ertəsi açıqlamasında bildirib ki, o, Putin və Zelenskinin 2021-ci ildən bəri ilk dəfə üzbəüz görüşünü təşkil etməyə çalışacaq. Onun bu açıqlaması Ağ evdə Zelenski, Avropa liderləri və NATO baş katibi ilə görüşündən sonra verilib. Qərb mətbuatının mənbələri Putinin Trampın təklifinə razılıq verdiyini iddia ediblər. Lakin, hələlik, Kreml bunu rəsmi şəkildə təsdiqləməyib. Rusiya XİN rəhbəri Sergey Lavrov isə bildirib ki, prezidentlərin sammiti üçün hazırlıq tələb olunur.

"The Guardian"ın mənbələri bildirib ki, Tramp Zelenski ilə Putinin görüşünü təşkil etmək cəhdlərindən vaz keçib. Onların sözlərinə görə, ABŞ prezidenti qərara gəlib ki, Moskva və Kiyev nümayəndələri birbaşa danışıqları özləri təşkil etməlidirlər.

"Görüşün baş tutub-tutmayacağı isə hələ də qeyri-müəyyən olaraq qalır", - "The Guardian" yazır.