ABŞ-nin Rusiyaya qarşı sanksiyalar layihəsi gələn həftə Konqresdə səsverməyə çıxarıla bilər. Bunu respublikaçı senator Lindsi Qrem yanvarın 7-də bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp çərşənbə günü onunla görüşdən sonra qanun layihəsinə "yaşıl işıq" yandırıb. Hər iki partiyanın dəstəklədiyi layihə Rusiya ilə işgüzar əlaqələri hədəf alacaq.
Qrem digər respublikaçı və demokrat senatorlarla aylardır bu qanun layihəsi üzərində işləyir. Layihə Rusiya ilə iş görən ölkələrə, ondan enerji alanlara sanksiyaların tətbiqini nəzərdə tutur. Səbəb Ukrayna ilə sülh danışıqlarında Moskvanın sülh sazişi üzrə razılığa gələ bilməməsidir. Rusiya Ukraynaya 2022-ci ildə müdaxilə edib.
"Bu qanun layihəsi prezident Trampa Putinin müharibə maşınını hərəkətə gətirən ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək", - deyə Qrem Çin, Hindistan və Braziliyanı potensial hədəflər kimi göstərib.
Konqres indiyədək qanun layihəsini səsverməyə çıxarmayıb, əvəzində Tramp Hindistandan idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısıdır.
ABŞ rəsmisi noyabrda "Reuters"ə deyirdi ki, qanun layihəsi qəbul olunarsa, Tramp onu imzalayacaq, amma sanksiyalar üzərində nəzarətin onun əlində qalması üçün xüsusi müddəaların salınmasına israr edəcək.
Ukraynada müharibə dörd ilə yaxındır gedir. Ötən noyabrdan danışıqlar intensivləşsə də, nəticə əldə olunmayıb.