ABŞ prezidenti Donald Tramp yanvarın 18-də deyib ki, Danimarka Qrenlandiyanı Rusiya təhdidindən kənar tutmaq üçün heç nə edə bilməyib. "İndi bunun vaxtı çatıb və baş verəcək!!!", – o əlavə edib.
"NATO 20 ildir Danimarkaya deyir ki, "Qrenlandiyanı Rusiyanın təhdidindən uzaqlaşdırmalısınız". Təəssüf ki, Danimarka bununla bağlı heç nə edə bilməyib", – Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Ağ ev və Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) hələlik məsələni şərh etməyib.
Tramp dəfələrlə bəyan edib ki, o, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya sahiblənmək istəyir.
Danimarka və Qrenlandiya isə adanın satışa çıxarılmadığını, ABŞ-nin bir hissəsi olmaq istəmədiyini vurğulayıb.
O, Çin və Rusiyanın bölgədə iştirakının gücləndiyini, bunun Qrenlandiyanı ABŞ-nin təhlükəsizlik maraqları üçün həyati əhəmiyyətli etdiyini deyir. Danimarkanın, Avropanın digər rəsmiləri Qrenlandiyanın NATO-nun kollektiv təhlükəsizlik sazişi ilə qorunduğunu bildirirlər.
Tramp yanvarın 17-də ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənədək Avropadakı müttəfiqlərə tariflərin artırılacağını söyləyib.
Avropa İttifaqı (Aİ) səfirləri isə yanvarın 18-də Trampı bundan çəkindirmək üçün səyləri gücləndirməyə, eyni zamanda tariflər qüvvəyə minərsə, cavab addımları atmağa razılaşıblar.
Aİ liderləri bu həftə Brüsseldə təcili toplantı keçirəcəklər. Müzakirə olunacaq bir variant 93 milyard avro həcmində ABŞ idxalına tarif tətbiqidir. Bu tarif fevralında 6-dan altı aylığa qüvvəyə minə bilər.
Danimarka Hərbi Dəniz Qüvvələrinin "Sirius" bölməsinin itləri
12 yanvar
Tramp Qrenlandiyanın müdafiəsi barədə: 'İki it xizəyidir'
ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur.
"Əslində, onların müdafiəsi iki it xizəyindən ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it xizəyindən", – Tramp jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.
Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu Rusiya və ya Çin edəcək. "Prezident olduğum müddətdə bu, baş verməyəcək", –Tramp deyib.
Tramp bundan öncə də ABŞ-nin Danimarka Krallığına məxsus muxtar ada üzərində nəzarətinin qurulmasının zəruriliyini Rusiyadan, Çindən gələn təhdidlərlə əsaslandırıb. "The Financial Times" isə Şimali Avropa ölkələri diplomatlarının Trampın Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib etdiyini yazır.
ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir. Bu bölmə XX əsrin ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti aparır.