NYT: Trampın oğulları Qazaxıstan volframında pay alıb

Kasım-Jomart Tokayev və Donald Tramp

"The New York Times" qəzeti ABŞ-nin ticarət naziri Hovard Lutnikin ailə şirkəti və Donald Trampın oğulları ilə əlaqəli "Dominari Securities" firmasının Qazaxıstandakı böyük volfram yatağının işlənməsi ilə bağlı investisiya sxemlərində iştirakını üzə çıxaran məqalə dərc edib.

Rəsmi sənədlərə istinadən nəşr yazır ki, Amerika şirkəti Karaqanda vilayətinin Unrek kəndi yaxınlığındakı volfram yataqlarında kəşfiyyat işlərini bərpa etməyi planlaşdırır.

NYT-nin məlumatına görə, ötən ilin sentyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ-yə səfəri zamanı Nyu-Yorkdakı "St.Regis" otelində ticarət naziri Lutniklə görüşüb. Qəzet iddia edir ki, bu görüşə telefon vasitəsilə prezident D.Tramp da qoşulub.

Vurğulanır ki, həmin danışıq zamanı Tramp və komandası Qazaxıstan prezidentindən az tanınan Amerika şirkətinə dünyanın ən böyük işlənməmiş volfram yataqlarından birinə çıxış icazəsi ala bilib. ABŞ üçün strateji əhəmiyyət daşıyan bu metal silah, kompüter çipləri və digər kritik məhsulların istehsalında istifadə olunur.

Saziş bağlanmamışdan əvvəl Tramp administrasiyası Qazaxıstandakı layihəni icra edəcək, indiki adı "Kaz Resources" olan Amerika şirkətinə 1.6 milyard dollara qədər federal maliyyə ayırmaq üçün ilkin müraciətləri təsdiqləyib.

Trampın və Lutnikin oğulları işə qoşulur

NYT yazır ki, çox keçmədən Trampın və Lutnikin oğulları atalarının himayə etdiyi bu sövdələşmənin tərəfdaşları ilə birgə fəaliyyətə başlayıblar.

Həmsahibləri arasında kiçik Donald TrampErik Trampın da olduğu "Dominari Securities" şirkətinin investorları Qazaxıstan layihəsi ilə bağlı hüquqi şəxsin 20 faizlik payını əldə ediblər. Bundan əlavə, Lutnik ailəsinə aid "Cantor Fitzgerald" investisiya şirkəti Qazaxıstan razılaşmasında "Dominari" ilə birgə çalışan investorlardan birinə əlaqəli struktur üçün 210 milyon dollar yeni maliyyə vəsaiti cəlb etməkdə yardımçı olub.

Qəzet belə qənaətə gəlir ki, ABŞ ilə Qazaxıstan arasındakı bu razılaşma prezident və ticarət naziri ilə əlaqəli bir qrup amerikalı investora dünyanın ən zəngin volfram yataqlarından birinə çıxış imkanı yaradıb: "Bu, Trampın ikinci prezidentlik dövründə rəsmi vəzifəsindən şəxsi mənfəət üçün istifadə etməsinin növbəti nümunəsidir".

Tramp, oğulları və Tokayevin administrasiyası NYT-nin bu materialına hələ ki, heç bir şərh verməyib.

Kiçik Donald Tramp və Erik Trampın Qazaxıstandakı volfram layihəsində pay alması barədə hələ yazda "The Financial Times" qəzeti də məlumat yaymışdı. Nəşrin yazdığına görə, ötən ilin avqustunda Trampın oğulları "Skyline Builders" tikinti qrupunda pay əldə ediblər. Sonradan "Skyline" Amerika investisiya qrupu "Cove Capital"la əlaqəli "Kaz Resources" şirkətinin 20 faizini əldə edib. Daha sonra "Kaz Resources" və Qazaxıstandakı layihələrə nəzarət edən "Cove Kaz Capital" strukturu "Skyline" ilə birləşib.

70 faiz Amerika şirkətinə keçdi

2025-ci ilin noyabrında "Cove Kaz Capital Group" MMC ilə Qazaxıstanın "Tau-Ken Samruk" milli şirkəti Yuxarı Kayraktı və Şimali Katpar yataqlarının işlənməsinə dair saziş imzalayıb. Bu birgə müəssisədə 70 faizlik pay alan Amerika tərəfi layihənin maliyyələşdirilməsi və marketinq öhdəliklərini üzərinə götürüb.

2025-ci ildə ABŞ İxrac-İdxal Bankı və ABŞ Beynəlxalq Maliyyə İnkişafı Korporasiyası (DFC) Qazaxıstandakı volfram hasilatı layihələrinə 1.6 milyard dollara qədər vəsait ayrılmasını təsdiqləyib. Layihədə 70 faizlik nəzarət payı "Cove Kaz Capital" strukturuna keçib, "Tau-Ken Samruk" isə 30 faizlik payı özündə saxlayıb.

Karaqanda vilayətindəki bu yataqlar dünyanın ən irihəcmli ehtiyatlarından biri hesab olunur; buradakı resurslar təxminən 410 min ton volfram trioksidi həcmində qiymətləndirilir. Çin və Rusiya şirkətləri də bu layihəyə sahib çıxmağa çalışırdı.