Tramp Tokayevi və Mirziyoyevi G20 sammitinə dəvət edib

Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə.

ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev Şavkat Mirziyoyevi gələn il Mayamidə G20 (Böyük iyirmilik) sammitinə dəvət edib. Tramp bu haqda özünün "Truth Social" şəbəkəsində yazıb.

Prezident bildirib ki, Tokayev və Mirziyoyev ilə telefon söhbətlərində sülhün vacibliyini, eləcə də ölkələr arasında ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Tokayev administrasiyası Trampla telefon danışığının çox çəkdiyini əlavə edib.

Tokayev noyabrda Vaşinqtona səfəri zamanı "Orta Asiya – ABŞ" sammitində əldə olunan razılaşmaların gerçəkləşdirilməsinə sadiqliyini təsdiqləyib, Ukrayna münaqişəsinin tənzimlənməsinin mürəkkəbliyini vurğulayıb. Onun sözlərinə görə, burada ərazi məsələsi dominant mövqedədir, "yerdəki real situasiya nəzərə alınmaqla hər iki tərəfdən kompromislər tələb edir".

Özbəkistan prezidentinin saytında qeyd olunur ki, Mirziyoyev və Tramp yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatını, Özbəkistan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Mövcud layihələrin irəli aparılması, yeni layihələrin hazırlanması üçün Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurası yaradılıb, birgə İnvestisiya Fondunun qurulması üçün iş aparılır.

Mirziyoyev Trampı onun üçün uyğun vaxtda Özbəkistana səfərə dəvət edib.

Tokayev də oxşar dəvətlə çıxış edib. O deyib ki, ABŞ prezidentinin səfəri "tarixi hadisə" ola bilər.

İndiyədək ABŞ prezidentləri Orta Asiyaya səfər etməyiblər.

Tramp ikinci dönəm prezidentliyə başlayandan ABŞ Orta Asiya regionu ilə siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirir. Vaşinqton bu regionu kritik əhəmiyyətli təbii resursların mənbəyi kimi qiymətləndirir.