Tramp Putini Avropada təcavüzü dayandırmağa çağırıb

Putin və Tramp APEC sammitində görüşüblər

ABŞ prezidenti Donald Tramp Ukraynada sülh razılaşmasına zəmin yaratmaq məqsədilə Rusiya prezidenti Vladimir Putini Avropada hərbi təcavüzə son qoymağa səsləyib.

Tramp "Truth Social" platformasında yazıb ki, bu yaxınlarda Çində Putinlə danışıqlar zamanı onu Ukrayna ilə tezliklə razılaşma əldə etmək naminə bütün Avropada hərbi təcavüzü dayandırmağa çağırıb.

ABŞ prezidenti münaqişəni "əsl qan gölü" adlandırıb. Noyabrın 26-dakı bu paylaşımda Moskvaya qarşı daha sərt mövqe ortaya qoyulub. Halbuki bir neçə gün əvvəl o, Putinə "dostum" dediyinə görə tənqid olunmuşdu.

Noyabrın 26-da jurnalistlər və amerikalı hərbçilər qarşısında çıxış edən Tramp bir gün əvvəl NATO-nun baş katibi Mark Rütte ilə Avropada hərbi qüvvələrin yerləşdirilməsi məsələsini ətraflı müzakirə etdiyini söyləyib.

"Rusiyaya qarşı çox sərt olmuşam, amma razılaşma əldə etmək istəyirəm", – Tramp vurğulayıb. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə Putin arasında fikir ayrılıqları aradan qalxmadıqca şəxsi münasibətlər mühüm rol oynayır.

Əsasən Almaniya, İtaliya və Böyük Britaniyada yerləşdirilmiş təxminən 80 min amerikalı hərbçinin sayının azaldılması ehtimalı barədə sualı cavablandıran Tramp bildirib ki, Avropadakı müttəfiqlər əvvəlcə İran məsələsində "o qədər də dəstək göstərmirdilər". Lakin Qrenlandiya məsələsində son irəliləyişlər, NATO-nun İranla bağlı mövqeyinin güclənməsi, eləcə də alyans üzvlərinin müdafiə xərclərini 5 faizə çatdırmaq və 750 ədəd F-35 qırıcı təyyarəsi almaq öhdəlikləri onun fikrini "bir qədər dəyişib".

Bundan əvvəl bəlli olub ki, Vaşinqton dekabrın 1-dək Avropada hərbi qüvvələrin yerləşdirilməsinə dair qiymətləndirmənin nəticələrini açıqlamayacaq. Bu isə o deməkdir ki, sənəd gələn həftə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşünə də hazır olmayacaq.

Noyabrın 26-da AzadlıqRadiosuna anonimlik şərtilə danışan yüksəkvəzifəli ABŞ rəsmiləri bildiriblər ki, Pentaqon beş fərqli variant üzərində işi yekunlaşdırmaq üzrədir. Həmin variantlar tezliklə Trampa təqdim olunacaq.