Tramp polad və alüminiuma rüsumları ikiqat artırdı

Polad

ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq olunan rüsumların iki dəfə artırılması – 25 faizdən 50 faizə yüksəldilməsi haqqında qərar imzalayıb. Sözügedən qərar bu gündən, iyunun 4-dən qüvvəyə minir.

Sənəddə deyilir ki, martda tətbiq olunmuş rüsumlar, hələlik, Amerika sənayesinə "sahənin dayanıqlı inkişafı və milli müdafiə tələbatı üçün zəruri olan istehsal gücünü inkişaf etdirməyə və qoruyub saxlamağa imkan verməyib".

Trampın fikrincə, tariflərin artırılması "bu sahələrə daha böyük dəstək verəcək və polad, alüminium və onların törəmələrinin idxalının milli təhlükəsizliyə təhdidini azaldacaq və ya aradan qaldıracaq".

"Bloomberg"in xəbərinə görə, bu qərar Böyük Britaniyaya təsir etməyəcək. Bu ölkədən idxala tətbiq olunan tariflər eyni səviyyədə - 25 faizdə qalacaq.

Prezident Tramp martda polad və alüminium idxalına 25 faizlik rüsum elan edib və bu qərar apreldə qüvvəyə minib. Trampın ticarət müşaviri Piter Navarro o zaman bildirib ki, bu tədbirlər yerli polad və alüminium istehsalçılarını gücləndirməklə milli təhlükəsizliyə töhfə verəcək.

"Polad və alüminiuma tətbiq olunan tariflər xarici dempinqlərə (qiymətlərin süni surətdə endirilməsi) son qoyacaq, yerli istehsalı artıracaq, polad və alüminium sənayemizi Amerikanın iqtisadi və milli təhlükəsizliyinin təməl daşına çevirəcək", - o deyib.

Trampın tənqidçiləri isə bildirir ki, istehsalın artacağına zəmanət yoxdur, ancaq bu tariflər artıq polad və alüminium idxal edən Amerika şirkətlərinə zərbə vurur.