Yanvarın 23-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) Nyu-Hempşir ştatında Respublikaçılar partiyasının praymeriz (kokus) seçkilərində qalib gəlib. İlkin nəticələrə görə, o, səslərin azı 53 faizini yığıb.
Rəqibi, Cənubi Karolinanın keçmiş qubernatoru, ABŞ-ın BMT-də keçmiş səfiri Nikki Heyli (Nikki Haley) isə 45 faizdən çox səs yığıb.
Trampın yığdığı səs faizinin artacağı gözlənilir.
Tramp üçün pis xəbər
Keçmiş prezident Ayova ştatında da praymerizin qalibi olmuşdu. İndi isə onun böyük səs fərqi ilə önə çıxması, analitiklərin fikrincə, Trampın Respublikaçılar partiyası elektoratı arasında dominant mövqeyini təsdiqləyir.
İndiyədək Ayova və Nyu-Hempşirdə praymeriz qalibləri respublikaçıların prezidentliyə namizədi seçiliblər.
Bu seçki Heylinin mövqeyini zəiflədir, baxmayaraq ki, praymeriz öncəsi rəy sorğularında o, Trampdan çox geri qalmırdı.
Rəy sorğuları D.Tramp üçün pis xəbər də verir. Belə ki, respublikaçıların 32 faizi prezident seçkisində ona səs verməyə hazır deyil.
Trampı xeyli kəskin tənqid edən Heyli respublikaçıların 2018-ci ildən sonra prezident və aralıq seçkilərdə məğlubiyyətinə görə onu ittiham edib. Heyli Trampın bu payız Co Baydenə (Joe Biden) uduzacağını vurğulayıb. Tramp isə sosial şəbəkələrdə bu açıqlamaları "sayıqlama" adlandırıb.
Baydenin adı bülletendə olmasa da...
Prezident Bayden Nyu-Hempşirdə praymeriz qalibi olub, baxmayaraq ki, onun adı seçki bülletenlərinə salınmayıb. Buna Demokrat partiyasının Nyu-Hempşirdəki rəhbərliyinin ilkin seçkilərin keçirilmə şərtləri ilə bağlı fikir ayrılığı səbəb olub. Bayden tərəfdarları öz hüquqlarından istifadə edərək bülletenə üstünlük verdikləri namizədin adını yazıblar.
Praymeriz seçkiləri yayda bitəcək, hər iki partiya seçkiyə namizədini elan edəcək.
Növbəti praymeriz fevralın əvvəlində Cənubi Karolina və Nevada keçirilməlidir.