Tramp bu gün Ağ evdə Zelenski və Netanyahu ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Palm-Biçdə salamlayır. Arxiv fotosu

ABŞ prezidenti Donald Tramp bu gün – iyulun 28-də Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski və İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək. CNN Ağ ev rəsmisinə istinadla xəbər verir ki, görüşlər ayrı-ayrılıqda keçiriləcək, Rusiya-Ukrayna müharibəsinə və Yaxın Şərqdəki vəziyyətə həsr olunacaq.

Mənbəyə görə, Tramp Netanyahu ilə danışıqlarda İranla müharibənin nəticələrini, Livanla danışıqların gedişini və "İbrahim sazişləri"nin genişləndirilməsi imkanlarını müzakirə edəcək. ABŞ prezidenti etiraf edib ki, İran məsələsində onunla İsrailin baş naziri arasında bəzi fikir ayrılıqları qalır, baxmayaraq ki, mövqeləri bir-birinə kifayət qədər yaxındır.

Zelenski ilə görüşdə əsas diqqət Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlara yönələcək. "İndi müharibəni bitirməyin vaxtıdır", – Ağ ev rəsmisi bildirib.

Tramp iyulun 27-də Rusiyanın ABŞ hərbi bazaları barədə kəşfiyyat məlumatlarını İrana ötürməsi ilə bağlı Zelenskinin bəyanatını da şərh edib. ABŞ prezidenti jurnalistlərə deyib ki, onların bunu etdiklərini düşünmür: "Hər halda, yüksək səviyyədə etmirlər".

Netanyahu və Zelenski Vaşinqtonda Respublikaçılar partiyasından senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcəklər.