İrana istənilən hücuma "dərhal" sərt cavab veriləcək. Bunu İranın ali dini lideri Əli Xameneinin ali müşaviri Əli Şamxani deyib.
"İranın müdafiə doktrinasına görə, təhdidlər reallaşmazdan öncə cavablar müəyyən edilir", – Şamxani dekabrın 29-da X platformasında yazıb. O əlavə edib ki, İranın raket imkanları və müdafiəsi "məhdudlaşdırılmır, yaxud icazəyə əsaslanmır".
İran prezidenti Məsud Pezeşkian isə deyib ki, "İran İslam Respublikası istənilən zalım təcavüzə sərt və peşmanedici cavab verəcək".
"B-2 bombardmançılarına yanacaq sərf etmək istəmirik"
İran ballistik raket və ya nüvə silahı proqramlarını bərpa etməyə başlayarsa, ABŞ bu ölkəyə daha bir böyük zərbəni dəstəkləyə bilər. Bunu ABŞ prezidenti Donald Tramp dekabrın 29-da deyib. O, HƏMAS-ı tərksilah olmazsa, "ağır" nəticələrlə bağlı xəbərdar edib.
ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.
Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Onunla yanaşı çıxışında deyib ki, Tehran ABŞ-nin iyundakı genişmiqyaslı zərbəsindən sonra silah proqramlarını bərpa etməyə çalışa bilər.
"Onların hara getdiklərini, nə etdiklərini dəqiq bilirik. Ümid edirəm ki, bunu etmirlər, çünki B-2 təyyarəsinə yanacaq sərf etmək istəmirik", – Tramp mətbuat konfransında jurnalistlərə deyib. İyun zərbələrini B-2 bombardmançı təyyarələri endirmişdi.
Tramp deyib ki, Netanyahu ilə Qəzzada kövrək sülh razılaşmasını irəli aparmağı, İsrailin İran və Livandakı "Hizbullah"la bağlı narahatlıqlarını müzakirə ediblər.
İran iyunda İsraillə 12 günlük müharibə aparıb. Ötən həftə Tehran bu ay ikinci dəfə raket təlimləri keçirdiyini açıqlayıb.
Netanyahu ötən həftə deyib ki, İsrail İranla qarşıdurma istəmir, amma yayılan məlumatlardan xəbərdardır və Tehranın məsələsini Trampla müzakirə edəcək.
Tramp Qəzzada sülh razılaşmasının ikinci mərhələsinə keçmək istədiyini açıqlayıb. İsrail və HƏMAS bir-birini atəşkəsi pozmaqda ittiham edir.
ABŞ prezidenti sürətlə tərksilah olmadığına görə HƏMAS-ı günahlandırıb, İsrailin sazişə öz tərəfindən əməl etdiyini deyib.
"Reuters" yazır ki, Trampın açıqlamaları onun Netanyahunun tərəfində olduğunu göstərsə də, bəzi müşavirləri İsrail liderinin Qəzzada atəşkəsə sadiqliyini sorğulayırlar. "Trampın sözləri onun Qəzza və İranda yeni münaqişələr riskinə hazır olduğunu göstərir, baxmayaraq ki, Tramp hər iki yerdə İsrailin apardığı müharibələri çözdüyünü söyləyir", – agentlik yazır.
+++
Vaşinqton Fələstin anklavında keçid hökuməti qurulmasına, beynəlxalq təhlükəsizlik qüvvəsi yerləşdirilməsinə çalışır.
Oktyabrda əldə olunmuş sülh planında İsrailin Qəzzadan çıxması, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın silahları təhvil verməsi, anklavda idarəedici roldan çəkilməsi nəzərdə tutulur.
Dövlət katibi Marko Rubio ötən həftə deyib ki, Vaşinqton keçid administrasiyasının tezliklə Qəzzanın idarəçiliyinə keçməsini istəyir.
BMT Təhlükəsizlik Şurasının noyabrın 17-də qəbul etdiyi qətnamədə isə bölgəyə beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsinə mandat verilir.
İsrail və HƏMAS bir-birini atəşkəsi pozmaqda ittiham edir.
HƏMAS tərksilah olmaqdan imtina edir, sonuncu İsrail girovunun qalıqlarını qaytarmayıb. İsrail əsgərləri isə Qəzzanın təxminən yarısına nəzarət edir.
İsrail bildirir ki, HƏMAS dinc yolla tərksilah olmasa, qruplaşmanı buna məcbur etmək üçün hərbi tədbirə əl atacaq.
Oktyabrda rəsmi atəşkəs əldə olunandan İsrailin zərbələrindən azı 400 fələstinli öldürülüb. Qəzzanın səhiyyə rəsmiləri onların çoxunun dinc sakinlər olduğunu deyirlər. Fələstin yaraqlıları isə üç israilli əsgəri qətlə yetiriblər.