Venesuela müxalifətinin lideri Mariya Korina Maçado yanvarın 15-də Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdə Nobel Sülh mükafatını ona təqdim etdiyini deyib. Amma Trampın mükafatı qəbul edib-etməməsi haqda bir söz deməyib.
Trampın mətbuat katibi Kerolayn Livitt isə jurnalistlərə deyib ki, Tramp Venesuelanın aralıq prezidenti Delsi Rodriqesin işini bəyənir, onun həddən artıq əməkdaşlıq etdiyini düşünür.
Trampın Maçado haqda fikri dəyişməyib, onu Venesuelanı idarə etməyə real alternativ saymır, - Livitt əlavə edib.
Maçado Trampla görüşdən sonra deyib ki, özü və tərəfdarları Trampa etibar edə bilər, Tramp Venesuela xalqının əziyyət çəkdiyini anlayır və ölkədə siyasi məhbusların buraxılmasına sadiqdir.
Maçado senatorlara deyib ki, Rodriqesin hakimiyyəti dövründə siyasi repressiya Maduro dövründən fərqlənmir, bəzi hallarda pisləşib. Venesuelanın insan haqları qrupları hakimiyyətin onların gözlədiyindən xeyli az məhbusu azad etdiyini deyir.
Tramp bir gün öncə telefonla Rodriqeslə danışıb, neft, minerallar, ticarət və təhlükəsizlik məsələlərini müzakirə edib, onun "möhtəşəm insan" olduğunu deyib.
Ağ ev Trampın mükafatı saxlamağı planlaşdırdığını təsdiqləyib
Tramp yanvarın 15-də axşam sosial şəbəkədə yazıb: "Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh mükafatını təqdim etdi. Bu, qarşılıqlı hörmətin gözəl bir jestidir. Təşəkkür edirəm, Mariya!".
Maçado görüşü "əla" adlandırıb, hədiyyənin Trampın Venesuela xalqının azadlığına sadiqliyini tanıdığı üçün verildiyini bildirib.
+++
Venesuelanın müvəqqəti prezidenti D.Rodriqes isə yanvarın 15-də ölkənin karbohidrogen qanununu islah etmək üçün təklif verdiyini deyib. ABŞ-dən investorlar bu ölkənin neft sənayesinə daha asan çıxış əldə etmək istəyirlər.
Rodriqes neftdən əldə olunan vəsaitlərin işçilərə və ictimai xidmətlərə ayrılacağını qeyd edib.
ABŞ bildirir ki, Karakas ilə razılaşma çərçivəsində neft satışlarından artıq 500 milyon dollar əldə edilib və ABŞ-nin bank hesablarında saxlanır. Planla tanış bir sənaye mənbəyi əsas hesabın Qətərdə yerləşdiyini söyləyib.
Yanvarın 3-də ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu ələ keçirərək Nyu-Yorka aparıb, həbsxanaya yerləşdirib. O, özünə qarşı narkotik ittihamlarını rədd edir.