Tramp Konqresdə illik müraciətində İrana xəbərdarlıq edib, Ukraynada sülhə nail olacağını bildirib.
ABŞ prezidenti Donald Tramp fevralın 24-də Konqresdə ölkə tarixində ən uzun illik müraciəti edib. O, diplomatiya iflasa uğrayarsa, İrana qarşı hərbi tədbirlə hədələyib, Ukraynada müharibəni bitirmək üçün danışıqların davam edəcəyini deyib.
Təxminən 1 saat 50 dəqiqəlik çıxışında Tramp administrasiyasının əldə etdiklərini "qızıl dövrün başlanğıcı" adlandırıb.
O, dərmanların şişirdilmiş qiymətinə son qoyduğunu deyib. "Digər prezidentlər bunu etməyə çalışdılar, amma bacarmadılar. Yalnız danışırdılar, hərəkət yox idi. Mən bunu etdim", – Tramp vurğulayıb.
Tramp Konqresdəki demokratları Daxili Təhlükəsizlik Departamentinin bütün maliyyəsini kəsməkdə ittiham edib: "Onlar amerikalıları terrorçuluq və qatillərdən qorumaq üçün məsuliyyət daşıyan agentliyi bağlayıblar. Bu gecə ABŞ Sərhəd Təhlükəsizliyi və Daxili Təhlükəsizlik Departamentinə maliyyənin tam və dərhal bərpasını tələb edirəm".
Prezident qərb yarımkürəsində Amerikanın təhlükəsizliyi və dominantlığının bərpa olunduğunu deyib. O qeyd edib ki, illərlə Meksikanın böyük hissələri daxil, bu region qatil narkokartellərin nəzarətində olub.
"Hər ay 25 min əsgər ölür"
Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə bağlı Tramp deyib ki, hazırda doqquzuncu müharibəni bitirmək üzərində gərgin işləyirlər: "Hər ay bu müharibədə 25 min əsgər ölür... Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi. Heç vaxt. Prezident kimi bacardığım yerdə sülh yaradacağam. Amma Amerikaya təhdid olan yerdə heç vaxt tərəddüd etməyəcəyəm".
Ukrayna müharibəsində itki sayını müstəqil təsdiqlətmək mümkün deyil. Amma bir hesabatda Rusiyadan 1.2 milyon, Ukraynadan 500 min-600 min nəfərin yaralandığı, öldürüldüyü və itkin düşdüyü açıqlanıb.
Tramp 2025-ci ilin yanvarında vəzifəyə başlayandan sülh danışıqlarına təkan verib, amma hələlik proqres əldə olunmayıb. Ukrayna hakimiyyəti fevralın sonunda əlavə görüşlər keçirilə biləcəyini bildirib.
Trampın xüsusi elçisi Stiv Uitkoff danışıqların son raundunda "mənalı proqres" əldə olunduğunu deyib. Onun sözlərinə görə, tərəflər saziş əldə etmək üçün işləməyə razılaşıblar.
Donald Tramp
"Azı 32 min etirazçını öldürüblər"
Tramp çıxışında ABŞ ordusunun ötən ilin iyununda İranın nüvə silahları proqramını məhv etdiyini deyib. O, İslam Respublikası və proksilərinin dünyaya terrorçuluq, ölüm və nifrətdən başqa bir şey yaymadığını deyib: "Son iki ayda onlar azı 32 min etirazçını öldürüblər. Öz ölkələrində 32 min etirazçını qətlə yetiriblər. Onları güllələyib, asıblar".
ABŞ prezidenti etirazlar vaxtı İran hakimiyyətini etirazçılara qarşı zorakılıq olarsa, hərbi addımlarla hədələmişdi. O vaxtdan Vaşinqton Yaxın Şərqdə hərbi qüvvələrini artırıb.
İnsan haqları qrupları indiyədək azı 7 min etirazçının öldürüldüyünü hesablayıb, amma real sayın daha yüksək olduğu bildirilir.
Hazırda ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqlar gedir. Amma Tramp bildirib ki, Tehran nüvə silahı əldə etməyəcəyini demir. "Onlar saziş əldə etmək istəyirlər, amma o ən istəkli sözləri eşitmirik: "Bizim heç vaxt nüvə silahımız olmayacaq". Mənim istədiyim budur. Problemi diplomatiya ilə həll etməyə üstünlük verirəm. Amma bir şey dəqiqdir. Dünyada terrorun bir nömrəli sponsorunun nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyəm", - Tramp əlavə edib.
Enerji, tariflər
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, xarici siyasət Trampın daxili iqtisadi gündəminə sıx bağlı olub.
O, "qaz, bala, qaz" siyasəti çərçivəsində neft və qaz hasilatının genişləndirilməsindən ağızdolusu danışıb, ABŞ-də artan hasilatın qlobal enerji qiymətlərinin salınmasına kömək edəcəyini deyib. Venesuelada "parlaq" yeni başlanğıcdan da danışıb.
Tramp Venesuelanı "yeni dostumuz və tərəfdaşımız" adlandırıb. O deyib ki, ABŞ bu ölkənin çoxdankı lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırandan sonra 80 milyon barel nefti təmin edib.
Ticarət məsələsinə gəlincə, Tramp bildirib ki, xarici ölkələrin ödədiyi tariflər sonda "müasir gəlir vergisi sistemini əvəzləyəcək", amerikalıların maliyyə yükünü yüngülləşdirəcək.
Tramp çıxışında dəfələrlə Amerikanın dirçəlişi mövzusuna qayıdıb.
Respublikaçılar onun çıxışını ayaqüstü alqışlayıblar, demokratlar kirimişcə əyləşiblər. Onlarla demokrat prezidentin çıxışını boykot edərək Vaşinqtonda başqa bir yerdə tədbir keçirib, Trampı müxtəlif məsələlərlə bağlı tənqid edib.
"Bu axşam İllik Müraciəti izləmirəm, çünki indi normal vaxt deyil, demokratlar artıq adi qaydada davranmağı dayandırmalıdır", – demokrat senator Kris Mörfi bildirib.