Tramp: İran haqsız saxlanılan amerikalı qadını azad edib

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp iyulun 15-də bildirib ki, İran 2024-cü ilin dekabrından bəri “haqsız saxladığı” ABŞ vətəndaşının ölkədən çıxmasına icazə verib. Tramp bunu Tehranın "xoşməramlı addımı" adlandırıb.

"İran 2024-cü ilin dekabrında haqsız saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib. O, hazırda təhlükəsiz şəkildə İranı tərk edib və vəziyyəti yaxşıdır", – Tramp “Truth Social” platformasında yazıb. O, qadının kimliyini açıqlamayıb.

"Amerika Birləşmiş Ştatları İranın bu xoşməramlı addımını yüksək qiymətləndirir!" – o əlavə edib.

Dövlət Departamenti qadının kimliyini, azadlığa buraxılmasının detallarını açıqlamayıb. Bu hadisə ABŞ-nin İrana hava zərbələrini gücləndirdiyi vaxta təsadüf edir. İrana qarşı müharibə təxminən beş aydır gedir.

Tehran isə hələlik, xəbəri təsdiqləməyib.

Dövlət katibi Marko Rubio iyunun 23-də bildirib ki, Vaşinqton xaricdə haqsız saxlanılan amerikalıların azad olunmasını prioritet sayır, amma konkret işlərdən danışmayıb.

Dövlət Departamenti hazırda İranda altı ABŞ vətəndaşı saxlanıldığını bildirir.

Onların arasında İran əsilli amerikalı jurnalist, AzadlıqRadiosunun “Radio Fərda” xidmətinin keçmiş jurnalisti Rza Vəlizadə və Nyu-Yorkdan olan İran əsilli amerikalı Kamran Hekməti də var. Onlar Tehrandakı bədnam Evin həbsxanasında saxlanılırlar.

Son bir həftədə Vaşinqton və Tehran arasında hərbi qarşıdurma kəskinləşib.

İran əvvəllər də ikili vətəndaşlığı olan şəxsləri və xarici ölkə vətəndaşlarını təhlükəsizlik ittihamları ilə həbs edib. ABŞ və insan haqları təşkilatları bu ittihamları siyasi motivli sayırlar. Onlar Tehranı xarici vətəndaşları diplomatik danışıqlarda alver predmeti kimi istifadə etmək məqsədilə saxlamaqda ittiham edirlər.