ABŞ prezidenti Donald Tramp yanvarın 12-də bildirib ki, İranla iş görən istənilən ölkəyə ABŞ ilə ticarətdə 25 faizlik tarif qoyulacaq. Prezident bu haqda "Truth Social" platformasında yazıb.
Tarifləri həmin ölkələrdən məhsul alan ABŞ idxalçıları ödəyir.
OPEC üzvü İran illərdir Vaşinqtonun ağır sanksiyaları altındadır. Neftinin çoxunu Çinə, Türkiyəyə, İraqa, Birləşmiş Ərəb Əmirliklərinə və Hindistana ixrac edir.
Tramp bu qərarın yekun olduğunu yazsa da, əlavə detal açıqlamayıb.
"Reuters" Ağ evin saytında bununla bağlı rəsmi sənədin olmadığını yazır. Agentlik əlavə şərh də ala bilməyib.
Çinin Vaşinqtondakı səfirliyi Trampın yanaşmasını tənqid edərək bildirib ki, Pekin öz maraqlarını qorumaq üçün gərəkən bütün tədbirləri görəcək, istənilən "qanunsuz" birtərəfli sanksiyalara və ekstra-ərazi yurisdiksiyaya qarşıdır.
İranda hazırda hökumətə qarşı son illərin ən böyük etirazları keçirilir.
Tramp ABŞ ilə İran rəsmiləri arasında görüş keçirilə biləcəyini, özünün İran müxalifəti ilə təmasda olduğunu deyib, eyni zamanda Tehranı hərbi addımlarla hədələyib.
Dünya Bankının məlumatına görə, İran 2022-ci ildə 147 ticarət tərəfdaşına məhsul ixrac edib.