Hörmüz boğazında raket iddiası: Tehran 'vurduq' deyir, Vaşinqton təkzib edir

"Rafael Peralta" idarə olunan raketli esminesi ABŞ-nin İran limanlarının blokadasını gerçəkləşdirir.

İranın dövlət televiziyasının yaydığı məlumata görə, mayın 4-də ölkənin Hərbi Dəniz Qüvvələri ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısını alıb. "Fars" xəbər agentliyi isə bildirir ki, xəbərdarlıqlara məhəl qoymayan ABŞ hərbi gəmisi Oman körfəzində, Cask sahilləri yaxınlığında iki raketlə hədəf alınıb və geri çəkilməyə məcbur edilib.

"Reuters" bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) xəbəri təkzib edib. "ABŞ donanmasının heç bir gəmisi vurulmayıb. ABŞ qüvvələri "Azadlıq layihəsi"ni dəstəkləyir və İran limanlarına qarşı dəniz blokadasını qüvvədə saxlayır", – CENTCOM X platformasında paylaşımında bildirib.

Mayın 4-də İran ABŞ qüvvələrini strateji su yoluna daxil olmamağa çağırmışdı. Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp Körfəz sularında qalan gəmiləri çıxarmağa kömək edəcəyini bildirmişdi.

İranın vahid komandanlığının rəhbəri Əli Abdullahi isə bəyan edib, Hörmüz boğazında təhlükəsizlik İranın nəzarətindədir və gəmilərin keçidi mütləq şəkildə razılaşdırılmalıdır.

"Xəbərdarlıq edirik ki, istənilən xarici hərbi birləşmə, xüsusilə aqressiv ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və daxil olmağa cəhd edərsə, hücuma məruz qalacaq", – o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp Florida ştatının Palm-Biç Beynəlxalq Hava Limanında jurnalistlərlə danışır.

Tramp: Hörmüzdəki gəmiləri çıxarırıq, müdaxilə olarsa, cavab verəcəyik

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri mayın 4-dən etibarən Hörmüz boğazı yaxınlığında qalan "neytral" gəmilərin təhlükəsiz şəkildə çıxarılmasına rəhbərlik edəcək. O, Vaşinqtonun İranla Yaxın Şərqdə müharibənin dayandırılması ilə bağlı "müsbət müzakirələr" apardığını da vurğulayıb.

Tramp bu addımı "humanitar təşəbbüs" kimi qiymətləndirib. O deyib ki, ABŞ həm İranın, həm regionun, həm də öz maraqları üçün bitərəf ölkələrə müraciət edib. Prezidentin sözlərinə görə, başqa ölkələrin gəmiləri öz işlərinə maneəsiz davam edə bilsinlər deyə, onların bu qadağan olunmuş sulardan təhlükəsiz keçməsinə şərait yaradılacaq.

Trampın xəbərdarlığı və İranın reaksiyası

Tramp "Truth Social" platformasında xəbərdarlıq edib ki, əgər İran ABŞ missiyasına müdaxiləyə cəhd edərsə, buna qarşı tədbir görüləcək və bu, hazırda atəşkəsin hökm sürdüyü müharibənin alovlanmasına səbəb ola bilər.

"Əgər bu humanitar prosesə hər hansı şəkildə müdaxilə olarsa, təəssüf ki, buna güclə cavab verilməli olacaq", – o bildirib.

İrandan yüksəkvəzifəli bir rəsmi isə xəbərdarlıq edib ki, ABŞ-nin boğazda hər hansı fəaliyyəti atəşkəsin pozulması kimi qiymətləndiriləcək. "Hörmüz boğazının yeni dəniz rejiminə ABŞ-nin hər hansı müdaxiləsi atəşkəsin pozulması sayılacaq", – İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi X platformasında yazıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) missiyaya idarəolunan raketlərlə təchiz edilmiş esmineslərin, 100-dən çox hava və dəniz aviasiya vasitəsinin, pilotsuz platformaların, həmçinin 15 min hərbçinin cəlb olunacağını açıqlayıb. Lakin bu qüvvələrin konkret necə istifadə ediləcəyi açıqlanmayıb. "Axios" nəşrinin ABŞ rəsmilərinə istinadən yazdığına görə, donanma gəmiləri kommersiya gəmilərini birbaşa müşayiət etməyəcək, ancaq hücumların qarşısını almaq zərurəti yaranacağı halda, yaxınlıqda olacaq.

HÖRMÜZ BOĞAZI

Gəmilərdə ərzaq ehtiyatı tükənir

Tramp bildirib ki, bu addım gəmiləri boğazda qalan ölkələrin müraciəti əsasında atılır. İran fevralın 28-də başlayan ABŞ-İsrail hava zərbələrinə cavab olaraq boğazdan keçidi məhdudlaşdırdığına görə çoxlu sayda gəmi həmin ərazidə ilişib qalıb. ABŞ isə İran limanlarına giriş-çıxışı məhdudlaşdırmaq üçün dəniz blokadası tətbiq edib.

Tramp bildirib ki, "ABŞ gəmiləri və ekipajları təhlükəsiz şəkildə blokadadan çıxarmaq üçün maksimum səylər göstərəcək". "Bu tədbir sadəcə heç bir günahı olmayan insanları, şirkətləri və ölkələri xilas etmək üçündür. Onlar şəraitin qurbanına çevriliblər", – o vurğulayıb. Tramp bu gəmilərin çoxunda ərzaq və digər zəruri ehtiyatların tükənmək üzrə olduğunu da əlavə edib.

ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə aparılan sülh danışıqları aprelin 11-12-də İslamabadda keçirilən ilk raunddan sonra dalana dirənib. Mayın 3-də İran rəsmiləri Tehranın Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi 14 maddəlik son sülh təklifinə Trampın cavabını araşdırdıqlarını bildiriblər. Tramp isə mayın 2-də bu təklifi nəzərdən keçirməyə hazır olduğunu, lakin onun qəbul ediləcəyini təsəvvürünə gətirə bilmədiyini deyib.