İrandan qonşulara xəbərdarlıq [Video]

İran raketi

İran xəbərdarlıq edib ki, Vaşinqton İrandakı etirazlara müdaxilə edərsə, ABŞ qüvvələrinin yerləşdiyi qonşu ölkələrdəki Amerika bazalarına zərbə endirə bilər.

Bunu yanvarın 14-də "Reuters"ə İranın yüksəkvəzifəli rəsmisi deyib.

Üç diplomatın sözlərinə görə, Qətərdəki əsas ABŞ hava bazasından bəzi heyət üzvlərinə ərazidən çıxmaq tövsiyə olunub. Amma agentlik, ötən il İranın raket hücumundan öncə olduğu kimi, qoşunların kütləvi təxliyəsinin müşahidə olunmadığını yazır.

ABŞ prezidenti Donald Tramp İranda etirazçılara dəstək üçün müdaxilə ilə hədələyib. İnsan haqları qrupu son günlər 2 min 600 nəfərin öldürüldüyünü bildirib.

İsrailin qiymətləndirməsinə əsasən, Tramp müdaxilə qərarı verib, amma bu addımın miqyası, vaxtı qeyri-müəyyəndir, - bunu israilli rəsmi bildirib.

Fidan Əraqçi ilə danışıb. Türkiyə danışıqlara tərəfdardır

Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 14-də İrandan həmkarı Abbas Əraqçi ilə telefon danışığında regiondakı gərginliklərin həlli üçün danışıqların zəruriliyini vurğulayıb. "Reuters" bunu Türkiyə Xarici İşlər Nazirliyində (XİN) bir mənbəyə istinadla xəbər verir.

Diplomatik mənbə Türkiyənin ABŞ rəsmiləri ilə də təmas saxladığını bildirib. ABŞ prezidenti Donald Trampın İranda etirazlara müdaxilə ilə bağlı təhdidlər səsləndirib.

İranın yüksəkvəzifəli rəsmisi isə Tehran və Vaşinqton arasında birbaşa kommunikasiyaların dayandırıldığını bildirib.

"Reuters"ə danışan rəsmi A.Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında birbaşa əlaqələrin dayandırıldığını deyib. Rəsminin sözlərinə görə, ABŞ-nin təhdidləri diplomatik səyləri zəiflədir və iki rəsminin potensial görüşləri ləğv edilib. Diplomatlar İranın nüvə proqramı ilə bağlı on illərdir davam edən mübahisəni diplomatik yolla həll etməyə çalışırdılar.

'Axios': Uitkoff İran şahzadəsi Rza Pəhləvi ilə gizli görüşüb

Donald Trampın xüsusi elçisi Stiv Uitkoff İranın keçmiş vəliəhdi və hazırda müxalifət fiquru kimi tanınan Rza Pəhləvi ilə gizli görüşüb. Bunu "Axios"un jurnalisti Barak Ravid yanvarın 13-də yazıb.

Jurnalist adının açıqlanmasını istəməyən yüksəkvəzifəli amerikalı rəsmiyə istinadla qeyd edib ki, görüşün əsas mövzusu İranda genişmiqyaslı etirazlar olub.

ABŞ rəsmiləri hələlik bu xəbəri rəsmi təsdiqləməyiblər.

"Axios" yazır ki, bu, dekabrın 28-də İranda etirazlar başlayandan İran müxalifəti ilə Tramp administrasiyası arasında ilk yüksəksəviyyəli görüşdür.

Nəşrin bildirdiyinə görə, Pəhləvi İranda rejim süqut edəcəyi halda, özünü "keçid dövrü lideri" kimi təqdim etməyə çalışır.

Uitkoff daha öncə İranla nüvə danışıqlarına Trampın təmsilçisi kimi qatılıb.

HRANA: Azı 2 min 400 etirazçı öldürülüb

ABŞ-də yerləşən HRANA insan haqları monitorinqi təşkilatı yanvarın 13-ü gecə bildirib ki, iğtişaşlar nəticəsində ümumi ölü sayı 2 min 571-ə çatıb. Onlardan azı 2 min 400-ü etirazçı, 147 nəfəri hökumətə bağlı şəxsdir. 12 uşaq və 9 kənar şəxsin öldüyü də təsdiqlənib. 18 min 434 nəfər həbs olunub, 1 min 134 nəfər ağır yaralanıb. Təşkilat 97 məcburi etiraf halının yayımlandığını təsdiqləyib.

İranda "Starlink" pulsuzdur

İranda yaşayanlar üçün "Starlink" peyk internet xidməti pulsuz təmin edilib. Bu, ABŞ prezidenti Donald Tramp ilə "SpaceX"in rəhbəri İlon Mask arasında aparılan söhbətdən sonra baş verib.

Hakimiyyət kütləvi etirazlara cavab olaraq interneti tam kəsəndən sonra "Starlink" iranlılar üçün xarici dünya ilə əlaqənin nadir vasitəsinə çevrilib.

İranda on minlərlə "Starlink" terminalı və anteni var. Amma istifadəçilər abunə haqqını ödəmə üsullarında çətinliklərlə üzləşiblər. "Starlink" siqnallarında ciddi kəsilmələr haqda da məlumatlar yayılıb.

Tramp: ABŞ İranda 'çox güclü' addım atacaq

İranda rejim etirazçıları asmağa başlasa, ABŞ burada "çox güclü addım" atacaq. Bunu ABŞ prezidenti Donald Tramp "CBS News"a müsahibəsində deyib.

"İndi İranda baş verənləri görmək istəmirik. Bunun axırı yaxşı olmayacaq", – Tramp deyib.

O əlavə edib ki, administrasiya İranda təhlükəsizlik qüvvələrinin öldürdüyü etirazçıların sayına dair rəsmi təsdiq gözləyir.

Tramp ABŞ-nin hansı addımı ata biləcəyi haqda ətraflı danışmayıb, amma "son məqsəd qələbədir" deyib. O, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələrinə, Venesuela prezidenti Nikolas Maduronun Karakasdan çıxarılmasına işarə edib. O, ABŞ-də həbsdədir, cinayət ittihamları üzrə məhkəməsini gözləyir.

Tramp daha öncə iranlıları etirazları davam etdirməyə çağırıb, "kömək artıq yoldadır" yazmışdı.

Ölü sayı 2 mini keçib

ABŞ-də yerləşən HRANA insan haqları qrupu yanvarın 13-də bildirib ki, etirazlarda təsdiqlənmiş ölü sayı 2 min 3 nəfərdir. Daha öncə "Reuters" adını çəkmədiyi İran rəsmisinə istinadla ölü sayının 2 min civarında olduğunu yazmışdı.

Vaşinqton ABŞ vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə çağırıb.

İranda internet bloklanıb, artıq altıncı gündür dünya ilə kommunikasiya kəsilib.

"Onlar adamları asanlıqla öldürə, dünya bundan xəbər tutmaya bilər", – Ermənistanda İran səfirliyi qarşısında etiraz edən bir nəfər AzadlıqRadiosuna deyib.

Digər etirazçı nümayişlərin tonunun dəyişdiyini bildirib: "Öncəki etirazlar İranda islahatlara çağırırdı. Bu dəfə adamlar sistemin dəyişməsini tələb edirlər".

Britaniya, Almaniya liderləri etirazçıların "dəhşətli və qəddar" qətlini pisləyiblər.

İlk etirazçının edamı gözlənilir

İnsan haqları qruplarının yanvarın 13-də bildirdiyinə görə, iğtişaşlarda ittiham olunan ilk etirazçının edam olunacağı gözlənilir.

Norveçdə yerləşən İran İnsan Haqları qrupu və "Hengaw" mənbələrə istinadla yazıb ki, 26 yaşlı Erfan Soltani "Allaha qarşı müharibə aparmaq"da ittiham olunur. Onun yanvarın 14-də edam olunacağı gözlənilir.

İran rəsmiləri Soltani ilə bağlı məlumatları açıq şərh etməyiblər. İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" xəbər agentliyi yanvarın 13-də bir neçə etirazçıya ilk ittihamların irəli sürüldüyünü yazıb.

İranda işləyən bir həkim AzadlıqRadiosunun fars xidmətinə deyib ki, təhlükəsizlik qüvvələri xəstəxanalara basqın edərək yaralı etirazçıları edam ediblər.

İranın cənubunda bir xəstəxanada işlədiyini deyən həkimin sözlərinə görə, təhlükəsizlik qüvvələri əməkdaşları müalicə üçün xəstəxanaya yerləşdirilən etirazçıların həyatına son qoyublar.

"Çoxunu öldürdülər, çoxunu həbs etdilər, bir çoxu qaçmalı oldu. Vəziyyət çox pisdir", – anonimlik şərti ilə danışan həkim bildirib.

AzadlıqRadiosu bu iddiaları müstəqil təsdiqlədə bilməyib.