Etirazçıların son edamlarından sonra Tramp İran rəsmilərini 'vəhşi' adlandırıb

Donald Tramp

ABŞ prezidenti Donald Tramp həftəsonu iki etirazçının edamından sonra İran rəhbərliyini sərt tənqid atəşinə tutub. O, İran rəsmilərini "vəhşilər" adlandırıb.

İran iyulun 19-da iki nəfərin edam olunduğunu açıqlayıb. Onlar hökumətə qarşı yanvar etirazları ilə bağlı ittiham olunublar.

Tramp "Truth Social" platformasında İrfan İsfəndiyari və Gül-Məhəmməd Məhəmmədinin edamı ilə bağlı bir neçə paylaşım edib. Məhəmmədinin edamı barədə belə yazıb: "Bu, öldürülən 52 mindən çox günahsız etirazçının sonuncusudur. Vəhşilər!!!".

İranda 52 min etirazçının öldürüldüyü barədə iddianı müstəqil mənbələrlə təsdiqlətmək mümkün olmayıb.

İnsan haqları qrupları etirazlarda azı 7 min nəfərin həyatını itirdiyini deyirlər. Amma real rəqəmin xeyli yüksək olduğu güman edilir.

İranlı jurnalistin postunu paylaşıb

Tramp iyulun 21-də başqa bir postda İsfəndiyarinin fotosu ilə birlikdə "Zəhmət olmasa, kömək edin. Onların səsi olun" çağırışını yenidən bölüşüb. O, əlində "Bizi öldürməyin" yazılmış plakat tutan, yanan İran bayrağı qarşısında göz yaşı tökən qadının şəklini də yayıb.

Bir gün əvvəl Tramp iranlı jurnalist və fəal Məsih Əlinejadın İsfəndiyarinin edamı ilə bağlı paylaşımını yenidən yaymışdı.

İsfəndiyari və Məhəmmədi yanvar etirazları zamanı İsfahanda dörd polis əməkdaşının qətlində əlaqəli olmaqda təqsirli biliniblər.

İnsan haqları qrupları ittihamların saxta olduğunu, məhkəmə prosesinin müstəqil vəkillərin iştirakı olmadan keçirildiyini bildirirlər.

İran hakimiyyəti iğtişaşlar zamanı 3 mindən çox insanın öldüyünü açıqlayıb, bunu ABŞ və İsrailin dəstəklədiyi "terror aktları" ilə əlaqələndirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

İran rejimi 'edam maşını'nı sürətləndirir

Trampın edamlarla bağlı son açıqlamaları isə onun müharibədən əvvəlki ritorikasını yada salır.

Yanvar etirazları vaxtı Tramp dəfələrlə Tehranın sərt müdaxiləsini pisləmiş, ABŞ-nin hərbi müdaxiləyə əl ata biləcəyi barədə xəbərdarlıq etmişdi.

"Kömək yoldadır", – o, iranlı etirazçılara açıq dəstəyini ifadə etmişdi.

Fevralın 28-də ABŞ və İsrail İrana birgə zərbələrə başladılar, sonradan bu, daha geniş regional münaqişəyə çevrildi.

Müharibə dövründə edamlar artıb

O vaxtdan İran hakimiyyəti həm müharibə ilə əlaqəli ittihamlar, həm də əvvəlki etirazlarda iştirak iddiaları üzrə həbsləri və edamları çoxaldıb.

Norveçdə fəaliyyət göstərən "İran İnsan Haqları" (IHRNGO) təşkilatı bildirib ki, İsfəndiyari və Məhəmmədinin edamı yanvar etirazları ilə bağlı edamların sayını azı 23 nəfərə çatdırıb.

"Hazırda yüzlərlə siyasi məhbus və etirazçı ölüm hökmü ilə üz-üzədir. Təxminlərimizə görə, onlardan təxminən 100 nəfər artıq ölüm cəzasına məhkum edilib", – qurumun direktoru Mahmud Əmiri-Moqəddəm bildirib.

O, beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa İttifaqını Tehranla münasibətlərdə edamların dərhal dayandırılmasını əsas prioritetə çevirməyə çağırıb.

"Amnesty International" təşkilatının son hesabatına görə, fevralın 28-dən bəri İranda azı 45 "siyasi motivli edam" qeydə alınıb.

İranın 2025-ci ildə azı 1639 nəfəri edam etdiyi bildirilir. Bu, 1989-cu ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.

"Amnesty International"ın məlumatına əsasən, İran edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir.