ABŞ prezidenti Donald Tramp dekabrın 17-də Ağ evdə bayramqabağı çıxışını edib. O, vəzifədə olduğu bir ili uğur hekayəsi kimi təqdim edib. Bu arada amerikalılar iqtisadiyyat sarıdan narahatdırlar, respublikaçıları 2026-cı ildə Konqresə gərgin aralıq seçkiləri gözləyir.
Tramp təxminən 20 dəqiqəlik çıxışında sələfi, demokrat Co Baydeni tənqid edib, bir sıra sahələrdə problemlərə görə məhz onu günahlandırıb.
Ağ evin sözçüsü Kerolayn Livitt jurnalistlərə demişdi ki, Tramp çıxışında yeni siyasətinə toxuna bilər, amma "Reuters" onun gələcək planları barədə çox az danışdığını yazır.
Tramp növbəti həftə ərzində 1.45 milyondan çox Amerika hərbçisinə birdəfəlik 1776 dollar ödəniləcəyini deyib. O, həmçinin respublikaçıların səhiyyə sığortasını kompensasiya etmək üçün ictimaiyyətə nağd pul vermək təklifinə dəstək bildirib. İndiyədək bu məsələ səhiyyə subsidiyaları ilə ödənir. Amma respublikaçıların təklifi Konqresdə yetərincə dəstək almalıdır.
Bayden administrasiyasını ittiham edən Tramp qiymətlərin yuxarı olması fikri ilə razılaşsa da, ölkəni iqtisadi dirçəliş gözlədiyini vurğulayıb.
"Yüksək qiymətləri salıram, çox sürətlə salıram", – o deyib.
Çıxışdan sonra demokratlar deyiblər ki, Tramp amerikalıların problemlərinin həlli üçün çox az həll təklif edib.
Tramp onu da deyib ki, 16 trilyon dollarlıq investisiya cəlb edib, yeni iş yerləri yaradılacaq, zavodlar açılacaq.
Prezident xarici məsələlərə az yer ayırıb. O, İranla müharibədən, Qəzzadakı sülh səylərindən danışıb. Amma Ukraynadakı müharibəyə, Venesuelaya ilə hərbi gərginliyə toxunmayıb. Latın Amerikası sahillərində gəmilərə zərbələrdə 100-dək insan öldürülüb. Tramp həmçinin Venesueladan neft daşınmasını tamamilə bloklamaq vədi verib. Ötən gecəki çıxışında isə bu məsələlərə toxunmayıb.