ABŞ Hindistanın Rusiyadan neft idxalını yarıbayarı azaltdığını, mənbələr əksini bildirir

Narendra Modi və Donald Tramp

Ağ ev rəsmisi Hindistanın Rusiyadan neft alışını yarıbayarı azaltdığını bildirir. Amma "Reuters" Hindistandakı mənbələrə istinadla azalmanın olmadığını yazır.

Oktyabrın 16-da Ağ ev rəsmisi agentliyə deyib ki, bu həftə Vaşinqtonda Hindistanın nümayəndə heyəti ilə danışıqlar məhsuldar keçib, Yeni Dehli artıq Rusiyadan neft idxalını 50 faiz azaldıb.

Hindistan sənayesindəki mənbələr isə neft-emalı zavodlarına Rusiyadan idxalı azaltmaqla bağlı xahiş gəlmədiyini deyiblər.

Artıq noyabr üçün sifariş verildiyindən azalma dekabr, yaxud yanvarın idxal rəqəmlərindən bilinəcək, - mənbələr belə deyiblər.

"Reuters" yazır ki, bu ay Hindistanın Rusiyadan neft idxalı 20 faiz artaraq günə 1.9 milyon barelə çatmalıdır. Rusiya da bu arada Ukrayna dronlarının onun emal zavodlarına zərbələri fonunda ixracı sürətləndirir.

16 oktyabr

Tramp deyir, Hindistan Rusiyadan neft alışını dayandırmağa söz verib

Hindistan ABŞ-yə Rusiyadan neft almağı dayandıracağını deyib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onu bu barədə əmin edib. Bundan öncə ABŞ Hindistan mallarına tarifləri iki dəfə artırmışdı.

"Hindistanın neft almasından xoşum gəlmirdi, o (Modi) bu gün məni əmin etdi ki, onlar Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi Çinin də bunu etməsini istəyirik", – Tramp oktyabrın 15-də Ağ evdə jurnalistlərə deyib.

Hindistan Rusiyadan neft alaraq Moskvanın Ukraynadakı müharibəsinə kömək edir. Qərb ölkələri isə bu ticarətə qarşı sanksiyaları gücləndirir. Hindistan Rusiyadan neft almağı dayandırsa, bu, Moskvanın ən böyük enerji müştərilərindən birinin mövqeyində ciddi dəyişiklik olar.

Tramp avqustun sonunda Hindistan mallarına 50 faiz tarif qoyaraq rüsumları iki dəfə artırıb.

ABŞ prezidenti jurnalistlərə onu da deyib ki, Hindistan Rusiyadan neft alışını dərhal dayandıra bilməz, "proses bir az çəkəcək", amma prosesin tezliklə bitəcəyini də əlavə edib. Tramp bildirib ki, müharibə bitdikdən sonra Hindistan yenidən Rusiyadan neft ala bilər.

Hindistan Trampın dediklərini təsdiqləməyib. Amma Modi oktyabrın 11-də ABŞ səfiri Sercio Qor Yeni Dehliyə çatandan bir neçə saat sonra onunla görüşüb və bununla da Trampla münasibətləri bərpa etmək istəyini göstərib.

Avqustda yeni tarif tətbiq edəndə Vaşinqton bildirib ki, Hindistan Rusiyadan neft almaqla Ukrayna müharibəsini maliyyələşdirir, Yeni Dehli də bundan qazanır. Hindistan isə bu ittihamı ikili standart adlandırıb, ABŞ və Avropanın Rusiyaya ticarət əlaqələrini göstərib.

Vaşinqton Yaponiyanın da Rusiyadan enerji idxalını dayandırması üçün ona təzyiq göstərir.

ABŞ-nin maliyyə naziri Skott Bessent oktyabrın 15-də Yaponiyadan həmkarı Katsunobu Kato ilə ikitərəfli iqtisadi əlaqələri, Yaponiyanın Rusiyadan enerji idxalını dayandırması ilə bağlı gözləntilərini müzakirə edib.

Bessent daha öncə deyib ki, ABŞ Rusiyadan neft almağa görə Çinə də tarif qoymağa hazırdır, amma bundan ötrü Vaşinqtonun Avropa müttəfiqləri də bu addımı dəstəkləməlidir.

Hindistanın cavabı

Moskva Hindistanın Rusiya ilə enerji təchizatı sahəsində əməkdaşlığı davam etdirəcəyinə əmindir. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Trampın açıqlamasını şərh edərkən deyib.

"Biz dost tərəfdaşlarımızla əməkdaşlığı davam etdiririk. Enerji resurslarımıza tələbat var, iqtisadi baxımdan sərfəlidir və praktikdir. Əminəm ki, tərəfdaşlarımız bizimlə işləməyə davam edəcək", –Novak oktyabrın 16-da TASS dövlət xəbər agentliyinə deyib.

Hindistan da həmin gün bildirib ki, əsas məqsədləri sabit enerji qiymətlərini, təhlükəsiz tədarükü təmin etməkdir.

"Təlatümlü enerji ssenarisi şəraitində Hindistan istehlakçısının maraqlarını qorumaq bizim daimi prioritetimiz olub. İdxal siyasətimiz tamamilə bu məqsədlə idarə olunur", – Hindistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiyadan neft tədarükü müzakirə olunarkən alıcı ölkələrin mövqeyi və iqtisadi fayda nəzərə alınmalıdır.