ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS qruplaşmasına "sonuncu xəbərdarlıq" edib. O həmçinin deyib ki, HƏMAS-ın əlindəki bütün girovların buraxılmasını təmin edəcək Qəzza sazişi tezliklə əldə oluna bilər.
"Çox yaxşı ola biləcək həll üzərində işləyirik. Bu haqda çox tezliklə eşidəcəksiz. Bunun başa çatmasına, girovların qaytarılmasına çalışırıq", – Tramp Vaşinqtonda jurnalistlərə deyib. "Reuters" onun əlavə detal vermədiyini yazır.
Bundan öncə Tramp yenə detallı danışmadan HƏMAS-a xəbərdarlıq edib ki, razılaşmada onun şərtlərini qəbul etsin.
"İsraillilər mənim şərtlərimi qəbul ediblər. İndi HƏMAS-ın da qəbul etməsinin vaxtı çatıb. HƏMAS-a razılaşmamağın fəsadları haqda xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq!", – Tramp vurğulayıb.
Təkliflər HƏMAS-a çatdırılıb
HƏMAS daha sonra bildirib ki, vasitəçilər ABŞ-dən Qəzzada atəşkəs razılaşmasına dair bəzi təklifləri çatdırıblar, həmin təkliflərin inkişaf yolları müzakirə edilir. Qrup mümkün razılaşma ilə bağlı əlavə bilgi açıqlamayıb.
HƏMAS onu da bəyan edib ki, bütün girovları bir halda etməyə hazırdır ki, müharibənin sona çatdığına dair "aydın" açıqlama verilsin və İsrail qüvvələri anklavdan tam çıxarılsın.
Şənbə günü İsrailin "N12 News" kanalı yazıb ki, Tramp HƏMAS-a yeni bir atəşkəs təklifi irəli sürüb. Razılaşmaya əsasən, atəşkəsin ilk günündə İsraildə saxlanılan minlərlə fələstinli məhbusun azadlığa buraxılması qarşılığında HƏMAS qalan 48 girovun hamısını azad edəcək; anklavda atəşkəs müddətində müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılacaq.
Bir israilli rəsmi Trampın təklifinin ciddi şəkildə nəzərdən keçirildiyini deyib, lakin ayrıntılı danışmayıb.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan təxminən 20-si sağdır.