Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 20-də ABŞ-dən həmkarı Donald Tramp ilə telefon söhbətində Suriya və Qəzzanı müzakirə edib.
Türkiyənin Sülh Şurası təşəbbüsünə qoşulması isə ayrıca nəzərdən keçirilir.
"Prezident Ərdoğan deyib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir, Suriyanın vəhdəti, harmoniyası və ərazi bütövlüyü Türkiyə üçün vacibdir", – Türkiyə prezident administrasiyası bəyanatında bildirir.
Tramp bundan öncə Ərdoğanla "çox yaxşı" söhbəti olduğunu demişdi.
ABŞ SDF ilə tərəfdaşlığın dəyişdiyini deyir
Suriya hökuməti bu həftə ölkənin şimal-şərqində yeni ərazilərə nəzarəti bərpa edib, kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) mərkəzi hökumətə inteqrasiya üçün dörd gün vaxt verib.
SDF-in əsas müttəfiqi ABŞ isə bildirib ki, Suriyaya yeni hökumət gələndən qrupla tərəfdaşlıq dəyişib.
Ərdoğanla Tramp "İslam Dövləti" (İŞİD) silahlı qruplaşması ilə mübarizədən, Suriya həbsxanalarındakı məhbuslardan da danışıblar.
Türkiyə SDF-i qadağan olunmuş PKK-ya bağlı terrorçu təşkilat sayır. Ankara PKK ilə sülh prosesi çərçivəsində bu qruplaşma və filiallarını silahı yerə qoymağa çağırıb.
Ankara Suriyadakı yeni hökumətin əsas xarici dəstəkçisidir, Dəməşqin SDF-ə qarşı əməliyyatlarını alqışlayır.
Ərdoğan tezliklə qərar verəcək
Ərdoğan Trampa deyib ki, Türkiyə Qəzza üzrə Vaşinqtonla koordinasiyanı davam etdirəcək. O, Trampa Qəzza Sülh Şurasına dəvət üçün təşəkkür edib.
Türkiyə daha öncə bildirmişdi ki, Ərdoğan tezliklə bu təşəbbüsə qoşulmaqla bağlı qərar verəcək. Türkiyə İsrailin Qəzzada əməliyyatlarını tənqid edib, İsrail isə Ankaranın Qəzzada rol almasına qarşı çıxır.
Sülh Şurasına BMT-nin Təhlükəsizlik Şurası noyabrda qəbul etdiyi qətnamədə mandat verib.
Oktyabrda Qəzzada Trampın planı üzrə atəşkəs elan olunub. O vaxtdan sektorda 100-dən çoxu uşaq olmaqla, azı 460 fələstinlinin və üç İsrail əsgərinin öldürüldüyü bildirilir.