Yanvarın 22-də Davosda prezident İlham Əliyev ABŞ prezidenti Donald Tramp ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə Trampın yenidən hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində prezident Trampın tarixi rolu vurğulanıb.
Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını vurğulayıb.
Söhbət zamanı ABŞ prezidentinin sədrliyi ilə yeni yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması iki ölkənin strateji tərəfdaşlığının təcəssümü kimi qiymətləndirilib.
Davosda İqtisadi Forum yanvarın 19-da başlayıb. Forum ölkələr arasında dialoq mühitinin yaradılmasına həsr edilib. Yeni yaradılan Sülh Şurasına Azərbaycandan başqa bir çox ölkələr də dəvət edilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Trampın milyardlıq təklifinə Əliyev niyə 'hə' deyib?
Xatırlatma
Azərbaycanla Ermənistan arasında 30 ildən çox Qarabağ münaqişəsi ilə bağlı gərginlik və müəyyən illərdə hərbi toqquşmalar olub. 2023-cü ildə Azərbaycan tam ərazi bütövlüyünü bərpa etsə də, iki ölkə arasında sülh danışıqları uzun illər nəticəsiz qalıb. Nəhayət, ötən il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Həmin vaxt ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı anlaşma memorandumu da imzalanıb.
Rəsmi Bakının 2024-cü ilin noyabrında D.Tramp ABŞ prezidenti seçilənə qədər Vaşinqtonla münasibətlərində müəyyən soyuqluq müşahidə edilib. Amma indi artıq yüksəksəviyyəli təmaslarda hərtərəfli əməkdaşlıq perspektivlərindən bəhs olunduğu açıqlanır.