ABŞ prezidenti Donald Tramp Pentaqona Cənubi Koreya ilə birgə hərbi təlimləri “əhəmiyyətli dərəcədə azaltmağı” tapşırıb. Tramp bazar günü – avqustun 16-da verdiyi tapşırığı təlimlərin xərci, müttəfiqi Seulun İrana qarşı əməliyyatlarda iştirakdan imtinası ilə izah edib.
Təlimlərin başlamasına bir neçə saat qalmış Tramp “Truth Social” platformasında yazıb ki, ABŞ-nin bu təlimlərdə iştirakından “narazıdır”. O, Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətləri” olduğunu vurğulayıb. Nüvə silahı olan Pxenyan ağır sanksiyalar altındadır.
“Bu təlimlər təkcə bahalı deyil... həm də Donald Tramp prezident olduğu müddətdə təhdid yaratmayan və hörmətlə davranan bir ölkəyə tamamilə yersiz və düşməncəsinə siqnal göndərir”, – Tramp yazıb.
Hər il keçirilən “Ulchi Freedom Shield” birgə hərbi təlimləri avqustun 27-dək davam etməlidir. Təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisi iştirak edir.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi “Reuters”ə bildirib ki, təlimlər planlaşdırıldığı kimi avqustun 17-də başlayıb, amma Trampın açıqlamalarını şərh etməyib. Seulda qeyri-iş günü olduğundan prezident administrasiyası, müdafiə və xarici işlər nazirlikləri sorğulara dərhal cavab verməyib.
Pentaqonun sözçüsü məsələ ilə bağlı sualları Ağ Evə yönləndirib. Ağ Ev isə əlavə şərh verməyib.
Tramp uzun müddətdir Cənubi Koreya ilə hərbi təlimləri dayandırmağa və ya məhdudlaşdırmağa çalışır. Cənubi Koreyada yerləşdirilmiş 28 min 500 ABŞ hərbçisinin saxlanılması xərclərinin bölüşdürülməsi məsələsində Seulla fikir ayrılığı var.
Şimali Koreya texniki baxımdan hələ də Cənubi Koreya ilə müharibə vəziyyətindədir. Pxenyan ABŞ və Cənubi Koreyanın birgə təlimlərini adətən işğala hazırlıq sayır. Cənubi Koreya və Yaponiya bildirir ki, Pxenyan ötən həftə şərq sahillərindən Yaponiya dənizi tərəfə ballistik raket buraxıb. Bundan bir neçə gün əvvəl də Şimali Koreya qısamənzilli ballistik raket buraxmışdı.
Trampla Kim Çen Inın münasibətləri illərlə enişli-yoxuşlu olub. Onlar həm bir-birinə qarşılıqlı təhdidlər də səsləndirib, həm də üç sammitdə iştirak ediblər.