BBC Trampdan üzr istəyib, amma defamasiya iddiasını rədd edir

BBC

BBC noyabrın 13-də ABŞ prezidenti Donald Trampın çıxışının montajındakı səhvə görə üzr istəyib, amma prezidentin defamasiya iddiasını rədd edib. Tramp korporasiyanın ona böhtan atdığını deyərək 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmişdi.

D.Trampın 2021-ci il yanvarın 6-dakı çıxışı elə montaj olunub ki, onun tərəfdarlarını Kapitoliyə hücum etməyə çağırması təəssüratı yaranıb. Tramp 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdi.

BBC yazır ki, sədri Samir Şah Ağ evə şəxsi məktub göndərərək üzr istəyib.

"Montajımızın bilməyərəkdən nitqin müxtəlif hissələrini bir tam kimi göstərdiyini, bununla da guya prezident Trampın zorakı hərəkətə birbaşa çağırış etdiyi barədə yanlış təəssürat yaratdığını qəbul edirik", – BBC düzəlişində yazıb.

Trampın vəkili BBC-yə məktub göndərərək üzr tələb edib, sənədli filmin ona vurduğu ziyana görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmiş, BBC-yə cavab üçün cümə günü – noyabrın 14-ü son tarix qoyulmuşdu.