Tramp BBC-ni məhkəməyə verib

Donald Tramp

Dekabrın 15-də ABŞ prezidenti Donald Tramp Britaniyanın BBC yayım şirkətini böhtanda ittiham edərək məhkəməyə verib.

BBC Trampın şirkətdən 5 milyard dollar tələb etdiyini bildirir.

Tramp məhkəmə iddiasında yazır ki, 2024-cü il prezident seçkisindən öncə efirə verilmiş proqramda BBC onun 2021-ci il yanvarın 6-da Ağ ev qarşısındakı çıxışını bilərəkdən elə montaj edib ki, sanki o, çıxışında tərəfdarlarını Konqres binasına hücuma çağırır. Əslində isə Tramp həmin çıxışda etirazların dinc keçirilməsinin vacibliyini vurğulayıb.

D.Tramp BBC-nin hərəkətini "seçkilərin nəticəsinə prezident Trampın ziyanına təsir göstərmək niyyəti ilə müdaxilə cəhdi" kimi təsvir edib.

Söhbət "Panorama" sənədli proqramında göstərilən "Tramp: ikinci şans" sənədli filmindən gedir. Trampın 2021-ci il 6 yanvar çıxışından sonra onun tərəfdarları Konqres binasına girərək prezident seçkisinin nəticələrinin təsdiqlənməsi prosesini pozmağa çalışıblar. Tramp həmin seçkidə demokratlardan Co Baydenə uduzmuşdu.

BBC daha öncə bəyanatında "mühakimə səhvi"ni etiraf edib, nəticədə izləyicilər Trampın zorakı hərəkətlərə çağırması barədə yanlış qənaətə gəliblər. Şirkətin iki yüksəkvəzifəli rəsmisi istefaya göndərilib. BBC Trampdan üzr istəyib.

"BBC heç kəsi aldatmaq niyyətində olmayıb", – şirkətin vəkili bildirib.

Bu proqram ABŞ-də göstərilməyib. Tramp iddianı Mayami federal məhkəməsində qaldırıb. O, məhkəmədə sübut etməlidir ki, BBC izləyiciləri bilərəkdən yanlış yönəltməyə çalışıb, yaxud düşüncəsiz hərəkət edib.

Son iki ildə D.Tramp bir neçə ABŞ media qurumunu məhkəməyə verib, onları yalan informasiya yaymaqda ittiham edib. CBS və ABC onunla məhkəmədənkənar razılaşma əldə edərək bir neçə milyon dollarlıq kompensasiya ödəyiblər. "The Wall Street Journal" və "The New York Times"a qarşı məhkəmə prosesləri davam edir.