ABŞ Dövlət Departamentinin oktyabrın 20-də yaydığı məlumata əsasən, prezident Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib.
Dövlət Departamenti avqustun 10-da 2025-ci ilin yanvarından, yəni Trampın ikinci dəfə prezident postuna keçməsindən bəri 175 mindən çox vizanın ləğv olunduğunu bildirmişdi. Dünən açıqlanan rəqəm isə son həftələrdə vizaların ləğvi prosesinin sürətləndiyini göstərir.
Tramp immiqrasiyaya qarşı sərt tədbirlərin və deportasiya kampaniyasının ölkənin daxili təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını deyir. Hüquq müdafiəçiləri isə bu tədbirlərin söz azadlığı hüquqlarını pozduğunu bildirirlər.
Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsindəki paylaşımında Tramp administrasiyasının tarixdəki bütün administrasiyalardan "daha sürətlə və daha çox" vizanı ləğv etdiyini yazıb.
Hüquq müdafiəçiləri bəzi şəxslərin vizalarının ləğv olunmasını tənqid edirlər. Bu sırada ABŞ-nin müttəfiqi İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyalarında iştirak edən fələstinyönlü əcnəbilər var. Mühafizəkar şərhçi Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdəki şərhlərinə görə bəzi xarici vətəndaşların vizalarının ləğvi də birmənalı qarşılanmayıb.
Tramp administrasiyası immiqrantların və viza üçün müraciət edən şəxslərin sosial şəbəkədəki fəaliyyətini indi daha sərt şəkildə yoxlayır.