Bakıda Azərbaycan və üzərinə ərəb əlifbası ilə sözlər yazılan müxtəlif rəngli bayraqların qaldırıldığı toy karvanı təşkil edənlərin cərimələndiyi bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri mərasimi dini bayraqların qaldırıldığı və dini mahnıların səsləndiyi toy karvanı kimi dəyərləndiriblər.
Olayı Daxili İşlər Nazirliyindən (DİN) də "Turan"a təsdiqləyiblər. Nazirliyin Mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
Bildirilib ki, karantin rejimi qaydalarını pozan toy şənliyinin təşkilatçıları saxlanıb. (Koronavirus pandemiyası ilə bağlı 2020-ci il martından Azərbaycanda karantindir) Qeyd edildiyinə görə, şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) maddəsinə əsasən, 200 manat cərimələniblər. (Toy şənliklərinə peyvənd edilməsi ilə bağlı pasport və ya əks göstəriş sertifikatı olan şəxslər buraxılır)
16 avtomobil cərimə meydançasına aparılıb
Rəsmi açıqlamaya görə, həmin karvanda olub avtoxuliqanlıq etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Habelə bildirilib ki, toy iştirakçılarından birinin axtarışda olduğu məlum olub.
"Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - rəsmi açıqlamada vurğulanıb.
Bu açıqlamaya mərasimin təşkilatçıları və məsuliyyətə cəlb edilən şəxslərdən münasibət almaq mümkün olmayıb.