Müdafiə Nazirliyi: ‘Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub’

Azərbaycan Müdafiə Nazirliyi

Məlumatda vurğulanır ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Tovuz rayonu istiqamətində mövqeləri atəşə tutulub.

Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən Azərbaycan ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub:

“Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur”

Məlumatda vurğulanır ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir.

Amma bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.