Tovuz atəşə tutulub

Azərbaycan əsgəri

Azərbaycan Müdafiə Nazirliyi ( AMN) bildirir ki, Tovuz rayonu istiqamətində mövqeləri atəşə tutulub.

Nazirlikdən vurğulandığına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək öz mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub: "Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur".

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Qarabağ münaqişəsi uzun müddətdir Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olub. Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

İstər Qarabağda, istərsə də iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı vaxtaşırı belə məlumatlar yayılır. Bəzən itkilərin də olduğu bildirilən qarşılıqlı məlumatlarda tərəflər, bir qayda olaraq, bir-birilərini günahlandırırlar.