15:30
Martın 15-də Bakı Apellyasiya Məhkəməsində ToplumTV, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşlarının həbsindən verilmiş şikayətə baxılıb.
Proseslərdə III Respublika Platformasının üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, əməkdaşı Müşfiq Cabbarın şikayətləri təmin olunmayıb.
Onların hamısı qaçaqmalçılıqda ittiham edilir, özlərini təqsirli bilmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.
Həmin şəxslərdən həm Ə.Məmmədlinin, həm də R.İzzətlinin səhhətindən yaxınları narahatdır.
"Bir sıra həkim rəyləri, qan analizləri və s. tibbi yolla əldə edilmiş sübutlar məhkəməyə təqdim edildi. Təəssüf ki, məhkəmə nə humanizm prinsipinə, nə qanunun aliliyinə əməl etdi", - Ə.Məmmədlinin yaxınları əlavə edib.
Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Buna da bax: Jurnalistlərin həbs müddətləri uzadılır9 mart
18:19
4 aylıq həbs olunanlar
Ələsgər Məmmədli (ToplumTV-nin həmtəsisçisi)
Müşfiq Cabbar (Toplum TV)
Akif Qurbanov (III Respublika Platforması)
Ruslan İzzətli (III Respublika Platforması)
Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu)
İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu)
Əli Zeynal (Demokratik Təşəbbüslər İnstitutu)
Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Özləri ittihamı qurama sayırlar.
20:27
Polis nəzarətində olmaqla buraxılıblar
Saxlananlardan ToplumTV-nin əməkdaşları Fərid İsmayılov və Elmir Abbasovla bağlı isə Xətai Rayon Məhkəməsində bir qədər fərqli qərar verilib. Onlar polis nəzarətində olmaqla buraxılıblar.
Onlar da qaçaqmalçılıqda ittiham edilirlər.
ToplumTV əməkdaşları ittihamı qəbul etmirlər.
19:52
Ələsgər Məmmədlinin evində axtarış
Hüquqşünas Ələsgər Məmmədlinin evində axtarış bitib. Yaxınlarının bildirməsinə görə, mənzildən onlara məxsus olmayan 60 min avro pul tapıldığı iddia edilib.
Ailə üzvləri pulun onlara məxsus olmadığını, mənzilə əməliyyatçıların qoya biləcəklərini vurğulayırlar.
Bu açıqlamaya əməliyyatı keçirən Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
+++
16:02
"Toplum işi" üzrə saxlanan Ramil Babayev və Elmir Abbasovun aclıq aksiyasına başladıqları bildirilir.
Bu barədə onların yaxınları məlumat verib.
+++
15:52
Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində aparılan axtarış başa çatıb. Axtarış zamanı R.İzzətli də evə gətirilib.
Bu barədə AzadlıqRadiosuna onun xanımı Günel Manaflı məlumat verib.
Xanımı qeyd edib ki, Ruslan ona guya mənzildə pul tapılıb götürüldüyünü söyləyə bilib. Xanımının sözlərinə görə, pul onların olmayıb, heç məbləği də dəqiqləşdirə bilməyib, sadəcə aparılanda R.İzzətli bir-iki kəlmə ilə üzləşdikləri bu durumu ona izah edə bilib.
G.Manaflı əlavə edib ki, R.İzzətlinin öd kisəsində ciddi problem var : "Yoldaşım cərrahla görüşüb yaxın günlərdə əməliyyat olunmalı idi. Əməliyyat hələ ötən həftəyə təyin olunmuşdu, amma Ruslan soyuqlayıb deyə əməliyyat qaldı".
+++
12:26
III Respublika Platformanın üzvü Ruslan İzzətlinin martın 8-də saxlandığı bildirilir.
ToplumTV-nin baş redaktoru Xədicə İsmayıl deyib ki, R.İzzətli Xətai rayon Polis İdarəsinin qarşısında bir avtomobilə mindirilərək aparılıb.
İdarənin qarşısında digər saxlananların da olduğu bildirilir.
+++
Hüquqşünas Ələsgər Məmmədlini İstanbul Klinikasının qarşısında mülki geyimli şəxslərin saxladığı deyilir.
"Səhhətində ciddi problemlər - boğazında, düz bağırsağında və prostatında əməliyyat zərurəti tələb edən şişlər var. Bu gün, martın 8-də biopsiya üçün həkimə gedərkən saxlanılıb", - vəkil Aqil Layıc bildirib.
+++
Böyük Britaniya ToplumTV jurnalistlərinin və III Respublika Platformasının nümayəndəsinin həbsindən dərin narahatlıq hissi keçirir.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld martın 7-də X platformasındakı hesabında yazıb.
"Fikri ifadə azadlığını və əsas insan hüquqlarını, o cümlədən bu yaxınlarda həbs edilmiş bütün KİV nümayəndələrinin hüquqlarını qorumağa çağırırıq", - orada vurğulanır.
07 mart 2024
Akif Qurbanovun valideynlərinin evində axtarış...
III Respublika Platformasının təsisçilərindən Akif Qurbanovun martın 7-də valideynlərinin Bakıdakı evində axtarış olduğu bildirilir.
Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib.
Onun sözlərinə görə, axtarış axşam saatlarında aparılıb, o özü axtarışda iştirak etməyib.
Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Bir gün əvvəl Akif Qurbanovun özünün mənzilində və təşkilatın ofisində də axtarış olmuşdu. Onda, vəkilinin vurğulamasına görə, A.Qurbanov demişdi ki, III Respublika Platformasının ofisinə 30 min avro yerləşdirib götürüblər.
ABŞ Bakıdakı həbslərdən 'dərin narahatlıq' keçirir
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) martın 6-da Vaşinqtonda brifinqdə deyib ki, Birləşmiş Ştatlar Bakıda televiziya jurnalistlərinə qarşı hərəkətlərdən "dərin narahatlıq" keçirir. O, Azərbaycanı fundamental azadlıqlardan yararlanan vətəndaşlara qarşı qısnamanı dayandırmağa çağırıb.
"Amnesty International", "Human Rights Watch", "Sərhədsiz Reportyorlar" Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb.
"ToplumTV-də axtarış və hazırda əlaqə saxlamaq mümkün olmayan bir neçə əməkdaşın həbsindən qəzəbliyik. İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin hamısı özlərinə sual verməlidirlər ki, müstəqil səslərə dözümsüz yanaşan belə bir rejimlə tərəfdaşlıq etmək istəyirlərmi?". Belə bir bəyanatla martın 6-da "Sərhədsiz Reportyorlar" Təşkilatından Janna Kavelye çıxış edib.
ToplumTV videoları Youtube-dan silinib
ToplumTV-nin videolarının Youtube-dan silindiyi deyilir.
Bu barədə məlumatı qurumun baş redaktoru Xədicə İsmayıl da təsdiq edib.
Bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb
Akif Qurbanov tutulub
III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov şübhəli şəxs qismində tutulub.
Bunu vəkil Şəhla Hümbətova deyib.
Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Vəkilin vurğulamasına görə, A.Qurbanov deyib ki, III Respublika Platformasının ofisinə 30 min avro yerləşdirib, götürüblər: "Akif Qurbanovun dediyinə görə, ofisə basqın edib həmin pulu özləri yerləşdirib və sonra da özləri götürüblər. Onun deməsinə görə, axtarış tam nəzarətsiz şəkildə aparılıb".
Hələlik, vəkilin açıqlamasına Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Fərid İsmayılov saxlanıb
Martın 6-da ToplumTV-nin əməkdaşı Fərid İsmayilovun evində axtarış aparıldığı və onun saxlandığı deyilir.
Bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, axtarış zamanı evdən 3 min 100 avro götürüldüyü bildirilib. Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı vurğulanır.
F.İsmayılov evindən tapıldığı deyilən pulun onun olmadığını bildirib. Bu barədə də onun yaxınları məlumat verib: "Fərid bildirdi ki, "bu pul mənim deyil, pulum olsaydı, borclarımı verərdim"".
Vəkil axtarışa buraxılmadığını deyir
Vəkil Şəhla Hümbətova bildirib ki, Akif Qurbanovun mənzilində axtarış zamanı onun qapısında gözləsə də, içəri buraxılmayıb: "Akif Qurbanov içəridədir, polis axtarış aparır. Mən gəlmişəm orderimlə birlikdə, Akif Qurbanovun vəkiliyəm. Qapını bayaqdan döyürəm, açmırlar. İçəridən mənə bildirdilər ki, polis qapını açmağa icazə vermir".
DİN-dən münasibət
DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı “Turan”a bildirib ki, prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb: "Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur".
"Qeyri-qanuni addımımız olmayıb"
"ToplumTV cinayət işi üçün heç bir hüquqi əsas verməyib". Bunu jurnalistlərə ToplumTV-nin baş redaktoru Xədicə İsmayıl deyib.
"Bizim heç bir cinayətdə iştirakımız və hər hansı qeyri-qanuni addımımız olmayıb... Sadəcə ölkədəki repressiya dalğasının növbəti bir addımıdır", - o əlavə edib.
Rəsmilər, bir qayda olaraq, jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmir və ölkədə fundamental azadlıqların qorunduğunu vurğulayırlar.
ToplumTV-nin ofisi möhürləndi
Martın 6-sı axşama doğru ToplumTV-nin Bakı şəhərindəki ofisində axtarış başa çatıb.
Ofisin qapısı möhürlənib.
Bir çox jurnalistin saxlanıldığı bildirilir.
Jurnalistlərin yaxınları deyir ki, onlar polis maşınlarına otuzdurularaq aparılıb. Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil.
III Respublika Platformasının üzvlərinin də saxlanıldığı bildirilir. Məlumata görə, qurumun üzvləri Akif Qurbanov, Ruslan İzzətli və Araz Əliyev ofislərindən çıxarılaraq aparılıb.
Xatırlatma
2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist saxlanıb, həbs edilib. Onların çoxu "AbzasMedia" nəşrinin əməkdaşları olub. Bu iş üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.