Həbsdə olan Milli Şura üzvü Tofiq Yaqublunun qıçı şişib. Yaxınları bildirirlər ki, Ombudsman Aparatının nümayəndələri ilə görüşdən sonra belə onun müayinəsi aparılmayıb.
Müxalifətçinin qızı Nigar Həzi deyir ki, atası mayın 18-də telefon danışığında diz ağrılarının hələ də davam etdiyini bildirib. Onun sözlərinə görə, ötən həftə Ombudsman Aparatından gələn nümayəndələr Yaqublunun dizinin MRT ilə müayinə olunması üçün səy göstərəcəklərinə söz vermişdilər: "Məlum oldu ki, keçən günlər ərzində onu MRT-yə aparmayıblar. Hələ də qoltuq ağacı ilə gəzir. Müayinə çox gecikir. Çox narahatıq ki, dizində ciddi və geridönməz fəsadlar yaranar. Onu həbs etmələri azmış kimi, indi də həyatı ilə oynayırlar".
Bu açıqlamaya Ədliyyə Nazirliyindən və digər cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
13 may
Tofiq Yaqublu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb
Həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü Tofiq Yaqublu karantindən çıxarılaraq 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Bu barədə dünən, mayın 12-də onunla görüşən qızı Nigar Həzi məlumat yayıb. O, atasının hələ də sərbəst hərəkət etməkdə çətinlik çəkdiyini, qoltuq ağacı ilə yeridiyini bildirib.
N.Həzi əlavə edib ki, atasının hazırda saxlandığı müəssisədə də darısqallıq hökm sürür: "Təsəvvür edin ki, ümumi zona o qədər dardır ki, nəinki sərbəst gəzmək, hətta hərəkət etmək belə çətindir. Darısqallıq, ağır rejim, şəraitsizlik, dizindəki problemin ciddiliyinə laqeydlik, ağrılar içində qıvrıla-qıvrıla keçirdiyi günlər – bir sözlə, Tofiq Yaqublu heç bir günahı olmadığı halda işgəncə içində saxlanılır".
Onun sözlərinə görə, digər bəzi müəssisələrdə şərait daha əlverişlidir.
N.Həzi həmçinin hesab edir ki, T.Yaqubluya təxirəsalınmaz tibbi müayinə və müalicə lazımdır.
Bu açıqlamalara Penitensiar Xidmətin məsul şəxslərindən münasibət almaq mümkün olmayıb.
4 may
Ailəsi Tofiq Yaqublunun sərbəst yeriyə bilmədiyini deyir
Yaxınları həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü Tofiq Yaqublunun səhhətində problem yarandığını açıqlayıb.
Qızı Nərgiz Həzi deyir ki, atası 17 saylı Cəzaçəkmə Müəssisəsində həftələrdir karantində saxlanılır: "Keçən həftə qanunla iki dəfə evə zəng imkanı olsa da, cəmi bir dəfə zəng edib. Bir az əvvəl atamla danışdım. Keçən həftə biz görüşəndə dizinin şişdiyini demişdi. Görüşdən bəri danışmadığımız üçün dizinin necə olduğunu bilmirdik. İndi danışanda bildirdi ki, dizində şiş, şiddətli və dözülməz ağrılar var. Artıq qoltuqağacı ilə yeridiyini dedi. Baxmayaraq ki, keçən həftə biz ona dizlik alıb vermişik, ancaq məlum oldu ki, dizliyi hələ də ona verməyiblər. Həkim müayinəsi məhdudlaşdırılıb".
Qızının qeyd etməsinə görə, bundan əlavə T.Yaqublu bildirib ki, bu gün, mayın 4-də ümumi zonaya çıxarılacağını gözləsə də, ona hələ də karantində saxlanılacağı deyilib.
Ailəsi iddia edir ki, T.Yaqubluya qarşı qərəzli münasibət davam edir.
Bu açıqlamaya Ədliyyə Nazirliyindən və digər cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
2 aprel
Tofiq Yaqublu haqqında qərar dəyişmədi: 'Əliyev atamdan qisas alır'
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında 9 illik həbs cəzasını Ali Məhkəmə də qüvvədə saxlayıb. Aprelin 2-də Ali Məhkəmədə bu barədə qərar elan olunub. Hakim İlqar Qılıcov bildirib ki, T.Yaqublu və müdafiəçilərinin verdiyi kassasiya şikayəti təmin olunmur, aşağı instansiya məhkəməsinin qərarı dəyişmir.
Ali Məhkəmədə T.Yaqublunun işi üzrə bundan öncəki iclaslarından fərqli olaraq, bu dəfə qərar elan olunarkən siyasətçi iştirak etmirdi.
T.Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, atası məhkəmədə iştirak edəcəyini gözləyirdi. O, məhz Ali Məhkəmədəki proseslərdə iştirakına görə Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır. N.Həzi atasının qəsdən məhkəməyə gətirilmədiyini düşünür.
Ali Məhkəmənin qərarına gəlincə, N.Həzi deyir ki, növbəti dəfə siyasi sifariş icra olundu: "Təəssüf ki, gözlədiyimiz kimi oldu. İllərdir biz Azərbaycan məhkəmələrində bunları görə-görə gəlirik. Tofiq Yaqublunun necə şərləndiyini nəinki bütün ölkə, dünya da bilir. İlham Əliyev Tofiq Yaqubludan qisas alır və bunu da gizlətmir. Amma insanları şərləyənlərin, sifariş icra edənlərin də cəzalandırıldığı gün də gələcək".
T.Yaqublunun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarı ilə ölkədaxili hüquqi müdafiə vasitələri tükənib. Qərarı yazılı şəkildə əldə edəndən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər.
20 mart
Tofiq Yaqublu aclığı dayandırıb
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu martın 20-də aclıq aksiyasını dayandırıb. Bu barədə siyasətçinin qızı Nigar Həzi Facebook hesabında məlumat yayıb.
"Bu gün Tofiq Yaqublu aclığının 26-cı günündə idi. Səhər heç gözləmədiyimiz anda ata evə zəng etdi... Aclığı dayandırması üçün ona xeyli dil tökdük. Həm cəmiyyətin istəyini və tələbini, həm də doğmaların, dost-tanışların ricasını çatdırdıq. Eyni zamanda, aclığının elan etdiyi məqsədinə çatdığını dedik. Cəmiyyətin, beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ Konqresinin müxtəlif səviyyələrdə Tofiq Yaqublunun müdafiəsini nəzarətə götürdüyünü diqqətinə çatdırdıq... Bütün bunlardan sonra Tofiq Yaqublu aclığı dayandırdığını dedi", - N.Həzi yazır.
Onun sözlərinə görə, ABŞ-də T.Yaqublunun müdafiəsi üçün ciddi işlər görülür: "Sadəcə olaraq bunu indi paylaşa bilmirəm. Müdafiə tərəfi rəsmi olaraq açıqlayanda xəbəriniz olacaq".
17 mart
Tofiq Yaqublunun qızı: 'Görüşə gələrkən bir neçə dəfə başı gicəllənib...'
"Görüşə gələrkən bir neçə dəfə başı gicəllənib və az qalıb ki, yıxılsın". Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının həbsdə olan üzvü, 23 gündür aclıq aksiyası keçirdiyi bildirilən Tofiq Yaqublunun qızı Nigar Həzi onun vəkilinə istinadla deyir.
N.Həzi bildirib ki, martın 17-də vəkil Fəxrəddin Mehdiyev T.Yaqublu ilə görüşüb: "Vəkil bildirdi ki, Tofiq Yaqublu xeyli taqətdən düşüb. Görüşə gələrkən bir neçə dəfə başı gicəllənib və az qalıb ki, yıxılsın... Fəxrəddin bəy dedi ki, aclıqdan Tofiq Yaqublunun üzünün tükü belə tökülüb".
Qızının sözlərinə görə, T.Yaqublu habelə bildirib ki, əgər növbəti görüş günü yenə şüşəarxası görüş olacaqsa, görüşdən imtina edəcək. T.Yaqublunun yaxınları onunla son görüşlərinin şüşə arxasından gerçəkləşdiyini bildirirlər.
Siyasətçinin yaxınlarının bu açıqlamalarına Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.
1 mart
Ailəsi Tofiq Yaqublu ilə görüşüb
Martın 1-də ailəsi Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu ilə görüşüb.
Qızı Nigar Həzi görüşdən qayıtdıqdan sonra bildirib ki, atası artıq yeddi gündür aclıq aksiyası keçirir: "Ata yeddi gündə xeyli arıqlayıb. Gözləri çuxura düşüb. Görünən odur ki, bu dəfə çəki itkisi çox sürətlə gedəcək... Görüş şüşə arxasında keçdi".
N.Həzinin vurğulamasına görə, rəis müavinləri və müəssisə işçiləri atasının kamerasına gəliblər: "Kameraya daxil olanlar kameradan "qanunsuz əşya" olaraq qazan, dabankeş, suqızdırıcı, elektrik çaydan və bəzi əşyaları götürüblər. Rəis müavinlərindən biri isə kamerada kobudcasına çığır-bağır salaraq yüksək səslə ataya deyib ki, "Nə?! Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!". Bundan sonra isə onu kameradan çıxarıblar".
Qızı T.Yaqublunun artıq bununla həbsdə beşinci dəfə aclıq aksiyası keçirdiyini vurğulayaraq onun səhhətindən və taleyindən narahatlıqlarını ifadə edib.
Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
25 fevral
Nigar Həzi: 'Tofiq Yaqublu karserə salınıb...'
Milli Şura və Müsavat Partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublu cərimə kamerasına (karser) salınıb. Bu barədə onun vəkilinə istinadən qızı Nigar Həzi məlumat yayıb.
N.Həzi vurğulayıb ki, fevralın 25-də T.Yaqublunun zəng etmək günü olsa da, zəng vurmayıb: "Vəkili onunla görüşüb və məlum olub ki, Tofiq Yaqublu üç gündür karserə salınıb. Hələ də karserdədir. Onun barəsində 7 sutka karser cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub".
N.Həzi artıq atasının etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını bildirib.
"İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyfini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır", - o vurğulayıb.
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Fevralın 19-da sosial mediada ABŞ-də yaşayan və Azərbaycan hökumətinin tənqidçilərindən olan mühacirlərin etiraz aksiyasından görüntülər yayılıb. Onlar prezident İlham Əliyevin Vaşinqtonda qaldığı deyilən otelin önündə "siyasi məhbuslara azadlıq", "Tofiq Yaqubluya azadlıq" şüarları səsləndiriblər.
İ.Əliyev fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak üçün ABŞ-də səfərdə olub.
Yayılan videoda aksiya iştirakçıları prezidentin mühafizə xidmətinin əməkdaşlarının etirazçılara zor tətbiq etdiyini bildirir. Həmin etirazçılar arasında T.Yaqublunun oğlu Rəhim Yaqublu da olub.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi isə bildirib ki, fevralın 19-da prezident Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə səfəri zamanı bir qrup etirazçı Vaşinqton şəhərində "Waldorf Astoria" mehmanxanasının qarşısında "təxribatçı hərəkətlər" törədib. Səfirliyin bəyanatına görə, prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər: "...Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb".
Sizin brauzer HTML5-i dəstəkləmir
Vaşinqtondakı 'dava' - Təxribat, yoxsa dözümsüzlük?
05.11.2025
Tofiq Yaqublu Ali Məhkəmədə: '0.1 faiz ədalət olsa, təqsirsiz olduğumu qəbul edərsiniz'
Noyabrın 5-də Ali Məhkəmədə Milli Şura və Müsavat Partiyasının üzvü, iki ilə yaxındır həbsdə olan Tofiq Yaqublunun işinə baxılıb. Prosesə siyasətçinin özü də qatılıb.
Məhkəmə prosesinə sədrlik edən hakim İlqar Qılıcov T.Yaqubludan çıxış etmək fikrinin olub-olmadığını soruşarkən, siyasi fəal çıxış etmək istədiyini söyləyib.
Hakim bildirib ki, Ali Məhkəmə işlərə aşağı instansiya məhkəmələrində baxılan zaman prosessual pozuntulara yol verilib-verilmədiyini araşdırır və bu üzdən, təqsirləndirilən şəxslərin burada geniş çıxış etmək imkanı olmasa da, T.Yaqubluya çıxışına şərait yaradılacaq: "Bu günə çox məhkəmə prosesi təyin olunub, vaxt problemi var. Ona görə də növbəti iclasın vaxtını müəyyənləşdirib təyin edərik, siz də həmin gün ətraflı çıxış edərsiniz".
T.Yaqublu cavab verib ki, əgər çıxışda səsləndirilən arqumentlərə, təqsirsizliyini sübut edən faktlara əhəmiyyət verilməyəcəksə, heç məhkəmə prosesini təxirə salmağa ehtiyac yoxdur: "Əgər aşağı instansiyalardakı kimi davranacaqsınızsa, prosesi təxirə salmağa ehtiyac yoxdur, qərarı elan edin, bitsin. Mənim sizdən də ədalət gözləntim yoxdur. Çox yox, 0.1 faiz ədalət və ləyaqət istəyirəm. Bunlar olsa, mənim təqsirsiz olduğumu qəbul edib, barəmdəki cinayət işinə xitam verərsiniz".
Prosesdə T.Yaqublunun vəkili Nemət Kərimli və prokuror çıxış etməyib.
Hakim bu iş üzrə məhkəmənin növbəti üç həftə ərzində keçiriləcəyini, vaxt dəqiqləşəndə tərəflərə məlumat veriləcəyini deyib.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.
Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
T.Yaqublu özünü təqsirli bilmir və qurama ittihamla şərlənərək həbs olunduğunu bildirir.
Siyasi fəal daha öncə də dəfələrlə uzun müddət həbsdə olub.
Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, adları siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri əmələ görə mühakimə olunublar.