Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya mayın 25-i səhər Kiyevə səfərə gedib. Bu, onun Ukrayna paytaxtına rəsmi statusda ilk səfəridir. Tixanovskayanın tərəfdarları onu Belarusun seçilmiş prezidenti sayır, Qərb ölkələri onunla demokratik qüvvələrin lideri kimi əlaqə saxlayır.
Tixanovskayanın müşaviri Denis Kuçinski yazıb ki, bu səfər Belarus və Ukrayna xalqları arasında azadlıq və ləyaqət uğrunda mübarizədə həmrəyliyin ifadəsidir.
Tixanovskaya Kiyevə Rusiyanın genişmiqyaslı zərbəsindən bir gün sonra gedib. "Ukrayna Dəmir Yolları" müxalifət liderinə "azad Minsk" istiqamətinə simvolik bilet təqdim edib.
S.Tixanovskaya səfərinə Rusiya ilə müharibədə həlak olmuş belaruslu könüllü Mariya Zaytsevanın məzarını ziyarət etməklə başlayıb.
Müxalifət lideri Ukrayna prezidenti Volodimir Zelenski, digər rəsmilərlə görüşəcək. Səfər Kiyev və rəsmi Minsk arasında münasibətlərin növbəti dəfə gərginləşdiyi bir vaxta təsadüf edir. Ukraynanın mövqeyinə görə, Belarus hakimiyyəti Rusiya tərəfdən birbaşa müharibəyə qoşulmağa hazırlaşa bilər.
S.Tixanovskaya 2020-ci ildə Belarusda prezidentliyə namizəd olub. Hakimiyyət Aleksandr Lukaşenkonun qələbə qazandığını elan etsə də, müxalifət tərəfdarları çoxluğun Tixanovskayanı dəstəklədiyini bildiriblər. Hakimiyyət ölkə boyunca etirazları amansızlıqla yatırıb, Tixanovskaya isə Belarusdan getməli olub. O, mühacirətdə Birləşmiş Keçid Kabinetini yaradıb, Belarusun demokratik qüvvələrinin lideri kimi tanınır.
Bundan əvvəl isə Fransa prezidenti Emmanuel Makron dörd ildən artıq fasilədən sonra Belarusun avtoritar prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb. Fransa mediası yazıb ki, Makron Lukaşenkoya Ukraynaya qarşı müharibədə iştirak etməməklə bağlı xəbərdarlıq edib.