Aksiya keçirən daşıyıcı və sürücülər həbs edildi

Sürücülərin tələbi

"Turan"ın xəbərinə görə, fevralın 17-də səhər Bakıda aeroport yolunda yolun bir hissəsini "R-Qrup Karqo" şirkətinin dörd yük maşını bağlayıb.

Agentliyin xəbərində vurğulandığına görə, şirkətin nümayəndəsi Rəşad Borçalı bildirib ki, aksiyanın səbəbi məmurların korrupsiyasıdır. Həmin şəxs deyib ki, yol vərəqəsinə görə artıq pul istənilir.

"R Qrup Kargo" ət məhsullarının daşınması ilə məşğuldur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Turan” Agentliyinə isə yalnız bildirib ki, araşdırma aparılır və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək

İki sürücüyə də inzibati həbs cəzası verilib

Fevralın 17-də Bakının Heydər Əliyev prospektində etiraz aksiyasında iştirak edən iki sürücüyə isə inzibati həbs cəzası verildiyi deyilir.

Nərimanov Rayon Məhkəməsindən “Turan” agentliyinə bildirildiyinə görə, onlara 30 sutka müddətində inzibati həbs cəzası verilib.

Məlumatda vurğulanır ki, sürücülər Elvin Məlikovla Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli biliniblər.

Qərarlara, hələlik, hər üç sürücüdən və onların vəkillərindən ayrılıqda münasibət öyrənmək mümkün olmayıb.

Saxlanan başqa bir sürücünün isə sərbəst buraxıldığı deyilir.

Daşıycı həbs edildi

Dünən, fevralın 17-də Bakıda Heydər Əliyev prospektində yük maşını ilə aksiya keçirən (yolda yük maşınını saxlayaraq hərəkəti qismən bağlayan) sürücülərdən biri Rəmiş Cəfərov ( rəsmi açıqlamada o daşıycı kimi təqdim edilir) barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə “Turan” Agentliyinə Nərimanov Rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, həmin məsələ barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) cinayət işi açılıb.

Bu maddə ilə günahlandırılan şəxsə məhkəmədə beş min manatdan səkkiz min manatadək cərimə, iki ilədək islah işləri, yaxud eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Həmin aksiya ilə bağlı başqa bir neçə sürücünün də saxlandığı bildirilir

Bu maddə ilə günahlandırılan şəxsə məhkəmədə beş min manatdan səkkiz min manatadək cərimə, iki ilədək islah işləri, yaxud eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Həmin aksiya ilə bağlı başqa bir neçə sürücünün də saxlandığı bildirilir.

Hüquq müdafiəçiləri sərbəst buraxılıb

Fevralın 17-də saxlanan hüquq müdafiəçiləri, "Müdafiə xətti" İnsan Haqları Təşkilatının üzvləri Rüfət Səfərov və Zaur Əkbər sərbəst buraxılıblar.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, saxlanarkən olara fiziki müdaxilə edilib. Onlar qeyd ediblər ki, hüquq müdafiəçisi kimi fəaliyyət göstərdikləri bir vaxtda onların özlərini yerlə sürüyüblər.

Hüquq müdafiəçisi Zaur Əkbər vurğulayıb ki, onun idarədə qolunu buraraq yerə yıxıblar və təpikləyiblər.

DİN-dən cavab

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan” İnformasiya Agentliyinə bildirib ki, Rüfət Səfərova və Zaur Əkbərə fiziki təzyiq göstərilməyib:

"Rüfət Səfərov saxlanılan sürücünün atası ilə bərabər gedib Nərimanov Rayon Polis İdarəsinin qarşısına. Orada çəkiliş aparmaq istəyiblər. Onlara deyiblər ki, İdarənin qarşısında çəkiliş aparmaq olmaz. Bu məzmunda bir az aralarında anlaşılmazlıq yaranıb. Hazırda heç bir problem və anlaşılmazlıq yoxdur".

Azərbaycanda hüquq müdafiəçisi saxlanıb

Bu gün, fevralın 17-də axşam saatlarında hüquq müdafiəçisi Rüfət Səfərov Bakıda Nərimanov Rayon Polis İdarəsinin önündə saxlanıb. O, bölmənin qarşısında canlı yayım edərkən saxlanaraq aparılıb.

Həmin vaxt gündüz saxlandığı bildirilən sürücü Rəmiş Cəfərovun atası Zəkrəm Cəfərov idarənin qarşısına gələrək oğlunun taleyi ilə maraqlanırdı, Rüfət Səfərov da bu prosesi izləyirdi.

Məsələyə, hələlik, bölmədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Daşıyıcı saxlanıb

Rəsmi açıqlamada adı gedən daşıyıcı Rəmiş Cəfərovun bugün, fevralın 17-də günorta saatlarında evindən aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun atası Zəkrəm Cəfərov məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 13:00 radələrində baş verib:

"10-15 nəfər qara paltarlı şəxs heç bir sənəd təqdim etmədən, çəpərdən tullandılar, oğlumu zorla saxlayıb aparıblar".

O, qeyd edib ki, 3-4 saat keçməsinə baxmayaraq oğlu haqqında xəbər ala bilməyiblər:

"Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də zəng vurmuşuq, amma nəticə yoxdur".

Zəkrəm Cəfərovun sözlərinə görə, gələnlər evdə olan müşahidə kamerasını da aparıblar:

"Bu mənim şəxsi mülkümdür, heç kəsin buna ixtiyarı yoxdur. Hətta bununla kifayətlənməyib qonşuların da kamerasını aparıblar".

O, vəziyyətlərinin ağır olduğnu, bankdan pul götürdüklərini əlavə edib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Nazirlik aksiya keçirənləri səhv sayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Heydər Əliyev prospektində aksiya keçirən yük maşınları ilə bağlı açıqlama yayıb.

"Turan"ın xəbərinə görə, qurumdan bildirilib ki, icazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib: "Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq özünə əlavə imtiyazlar tələb edib…".

Vurğulanıb ki, bu il R.Cəfərov Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) müvafiq icazələr almayıb: "Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb".

Qeyd edilib ki, R.Cəfərov beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meylli daşıyıcı olduğundan bu il yanvarın 10-da "R Group Azerbaijan" MMC Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) üzvlüyündən çıxarılıb.

Hələlik, rəsmi açıqlamaya R.Cəfərov və ya onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Bakıda TIR sürücülərinin aksiya keçirdiyi bildirilir

Bəzi yerli kütləvi informasiya vasitələrinin xəbərinə görə, fevralın 17-də gecə saatlarında dörd yük maşınının sürücüsü Bakıda etiraz aksiyası keçirib.

Verilən məlumata görə, onlar öz maşınları ilə Heydər Əliyev prospektində avtomobillərin hərəkətini qismən bağlayıblar.

Bildirildiyinə görə, TIR-lardan birinin üzərinə bu sözlər yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!".

Məlumatlara görə, fevralın 17-si, səhər saatlarında əraziyə polis qüvvələri cəlb olunub, yolda hərəkət tamamilə açılıb.

Məsələyə, hələlik, sürücülərdən, Daxili İşlər Nazirliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Amma Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Turan"a bildirilib ki, tədbirlər həyata keçirilib, yollar açılıb.