ABŞ-də TikTok-un investorları onlar ola bilər – Tramp açıqladı

İllüstrativ foto

ABŞ prezidenti Donald Tramp TikTok-un Amerika seqmenti üzrə sövdələşməyə qatılan bəzi investorların adlarını açıqlayıb. Oracle şirkətinin həmtəsisçisi Larri Ellison, Dell şirkətinin rəhbəri Maykl Dell, 21st Century Fox media holdinqinin təsisçisi Rupert Merdokun oğlu Laklan Merdok da onların sırasındadır.

Tramp bildirib ki, sövdələşmədə “nəhəng” məbləğdən söz gedir.

“Reuters” yazır ki, ABŞ ilə TikTok-un sahibi ByteDance Çin şirkəti arasında razılaşma platformanın Amerika aktivlərinin ABŞ-də investorların nəzarətinə verilməsini, məlumatların, milli təhlükəsizliyin qorunması ilə bağlı tədbirləri əhatələyir.

ABŞ-dakı istifadəçilərin bütün məlumatları Oracle şirkətinin ABŞ-dəki bulud infrastrukturunda saxlanılacaq. TikTok-un tövsiyə alqoritmi qorunacaq, yenidən təhlil olunaraq ABŞ-da, ByteDance-in nəzarətindən kənar fəaliyyət göstərəcək.

TikTok-un ABŞ-dakı aktivləri amerikalı investorlara veriləcək. İdarə heyətində yeddi nəfər təmsil olunacaq. ByteDance-nin bircə təmsilçisi şirkətdə 20 faizdən az paya sahib olacaq. Bu tədbirlər ABŞ hökumətinə məlumatlara nəzarət, milli təhlükəsizlik, kiber təhlükəsizlik üzrə gərəkən icazələrə çıxış imkanı yaratmaq üçün nəzərdə tutulub.

Keçən ilin yazında ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanuna görə, TikTok ByteDance-dən ayrılmazsa, ölkədə bloklana bilər. Donald Tramp bu biznesin satış qoyuduğu möhləti bir neçə dəfə uzadıb. Nəhayət sentyabrın 16-da Çin tərəfi ilə TikTok-la bağlı razılığa gəlindiyini bildirib.