Azərbaycanda tikintiyə 45 milyard

Sizin brauzer HTML5-i dəstəkləmir

Tikinti sektorunda durğunluq

Son 10 ildə Azərbaycanda dövlət büdcəsindən tikintiyə 45 milyard manatadək vəsait xərclənib.

Bunu iqtisadçı Qubad İbadoğlu yazıb.

«2006-2015-ci ildə dövlət büdcəsindən tikintiyə 44.6 milyard manat, təhsilə 11.8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11.1 milyard manat xərclənib. Dövlət idarəetmə aparatının saxlanılmasına 10.1 milyard, səhiyyəyə 4.7 milyard manat sərf edilib»,-deyə o qeyd edir.

İqtisadçı vurğulayır ki, son 10 ildə hər il orta hesabla tikintiyə 4.5 milyard manat pul ayrılıb: «Təhsilə 1.2 milyard manat, idarəetmə aparatının saxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait birbaşa dövlət büdcəsindən xərclənib. Bu, heç də adı sadalanan sektorlara sərmayə olunan vəsaitin hamısı deyil. Bundan əlavə həmin sektorlara özəl və şəxsi vəsait mənbələrindən də milyardlarla manat vəsait sərf olunub».

Qubad İbadoğlu yazır ki, son 10 ildə yalnız tikintiyə xərclənən vəsait həmin dövrdə təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanılmasına, elmə və sosial müdafiəyə birlikdə xərclənən vəsaitdən 7 milyard manat çox olub.

«Göründüyü kimi, son 10 ildə şişirdilmiş, əsasən qeyri-kommersiya təyinatlı olan layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olsa da, hazırda daha çox tənəzzülə məruz qalan da inşaat bölməsidir»,- deyə Qubad İbadoğlu vurğulayır.