Bakıda tikilməkdə olan bina çöküb

Tikinti çöküb

Bu gün, fevralın 24-də Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalardan birinin çökdüyü bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən deyilib ki, hazırda qurumun İstintaq idarəsinin əməkdaşları hadisə yerinin müayinəsini həyata keçirirlər.

Habelə bildirilib ki, ilkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Hələlik, məsələyə sözügedən şirkətdən münasibət almaq mümkün olmayıb.

Dörd nəfər xəsarət alıb

Bu gün, fevralın 24-də Bakının Keşlə qəsəbəsində binanın çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir: "Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız dörd nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib".

Məlumata görə, hər birinə ambulator tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Məsələyə, hələlik, xəsarət alan şəxslərdən və işləri görən şirkətin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.