Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

İllüstrativ foto

Bakı Beynəlxalq Aeroportunda “AirFrance” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edildiyi bildirilir.

Bakı hava limanının mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsində yaranan tüstü səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş sorğusu göndərib.

Qurumdan qeyd edildiyinə görə, aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

““Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb.”, məlumatda bildirilir.

Açıqlamaya görə, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Hələlik, bu açıqlamaya başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.