ABŞ-da konsertdə yaranan izdihamda ən azı 8 nəfər ölüb

Texas, Hadisə baş verən meydan, təcili yardım maşını izdiham arasında 5 noyabr 2021

Amerikanın Texas ştatının Hyuston şəhərində “Astroworld” musiqi festivalında izdihamda azı 8 nəfər ölüb, onlarla adam müxtəlif xəsarətlər alıb.

Cümə gecəsi məşhur reper Travis Skottun çıxışı zamanı izdiham səhnənin kənarına sıxışmağa başlayanda baş verib.

"Bu panikaya səbəb oldu və xəsarətlərə səbəb oldu, insanlar yıxılmağa, huşlarını itirməyə başladılar", - Hyuston yanğınsöndürmə idarəsinin rəhbəri Samuel Penya mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xəstəxanaya 17 nəfər çatdırılıb, onlardan 11-nin ürəyi dayanıb.

Məlumata görə, faciə baş verən zaman konsert meydançasında 50 minə yaxın insan olub.

Yerli "Houston Chronicle" nəşrinin yazdığına görə, reper Travis Scott səhnənin yanında pərəstişkarlarının huşunu itirdiyini gördükdən sonra bir neçə dəfə çıxışı dayandırıb.

"Amerikanın Səsi" radiosunun məlumatına görə, şəhər polisi fövqəladə vəziyyətin səbəbini öyrənir, konsertdən yayımlanan videoları araşdırır.

Məlumata görə, baş verənlərdən, festivalda insanların ölməsi və yaralanmasından tamamilə sarsıldığını deyən reper polisə bütün lazımi yardımı göstərəcəyini vəd edib.

"Astroworld" şənbə günü davam etməli olan festivalın qalan hissəsini ləğv edib. Səlahiyyətlilər gün ərzində 300-dən çox insanın xəsarət alması ilə bağlı məlumatların əldə olunduğunu bildiriblər.