Azərbaycan Baş Prokurorluğu bu gün, aprelin 19-da "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilir ki, ötən il dekabrın 16-dan bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılır. Vurğulandığına görə, ötən müddətdə işgəncəyə məruz qalmış 280 yeni şəxs müəyyənləşdirilərək zərərçəkmiş qismində dindirilib, məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib: "Beləliklə,… hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib".
Məlumata görə, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət işi açılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla hərbi xidmət əleyhinə cinayətlərə görə məhkum olunmuş ümumilikdə 26 şəxsin işinə yenidən baxılır:
Bir nəfərə ölümündən sonra bəraət verilib
"Eyni zamanda, istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onun əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilib".
Sizin brauzer HTML5-i dəstəkləmir
'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Açıqlamada sonra da istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməkdə şübhəli sayılan şəxslərdən bəhs edilir. Bu baxımdan Rəşid Niftəliyevin, Ruslan Mikayılovun, Sənan Maşıyevin, Cabir Qəhrəmanovun, Polad Əzizovun, Elçin Əliyevin və İntiqam Məmmədovun adları çəkilir. Onlardan hamısının həbs edildiyi, bir nəfərin- Polad Əzizovun isə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunduğu bildirilir.
Vurğulandığına görə, hazırda cəza çəkən Fuad Ağayevə əlavə ittiham elan edilib.
Hələlik, bu açıqlamaya adları gedən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Baş Prokurorluq ötən ilin sonunda bu işdə icraatı yeniləyib.
Xatırlatma
Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) bəzilərinə sonradan bəraət verilib.
Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.