Azərbaycan Baş Prokurorluğu Tərtər rayonunda mina partlaması barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyev dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölüb. Hazırda fakt üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Bu məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Ölkənin yerli saytlarında yayılan məlumatlara görə isə, bu il martın 9-da həmin şəxs həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi.
Amma bütün bu məlumatlara, hələlik, həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Buna da bax: Yanğın söndürülüb, 7 nəfər xəstəxanaya yerləşdirilibMinalar…
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 60 civarında vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıb.
Bundan əvvəl qeyd edilirdi ki, Ermənistan işğaldan azad olunan ərazilərdə basdırılmış minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzində işğaldan azad edilən bir sıra minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi.
Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar.
Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?
Xatırlatma
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi kəndlər işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum faliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.