Tərtərdə iki nəfərin minaya düşdüyü bildirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

Fevralın 18-də Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib. Məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Alışan Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərovun müxtəlif dərəcəli bədən xəsarətləri aldiqları vurğulanır: "Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol İstismar İdarəsinin əməkdaşları olduğu müəyyən edilib".

Faktla bağlı araşdırma aparılır.

Tərtər rayonu Azərbaycanın uzun illər münaqişə yaşanan Dağlıq Qarabağ bölgəsi ilə bitişikdir. Amma Tərtər şəhəri daxil, rayonun bir çox ərazisi işğalda olmayıb.

2020-ci ilin atəşkəs razılaşmasından sonra təkcə işğaldan azad edilən ərazilərdə minaların partlaması səbəbindən Azərbaycan tərəfdən 30 civarında şəxsin həlak olduğu, 150-dən çoxunun isə müxtəlif dərəcəli xəsarətlər aldığı açıqlanıb.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.