'Tərtər işi'nə görə narazılıqlar davam edir

"Tərtər işi" üzrə zərərçəkənlərin qohumları yeni istintaqın gedişindən narazıdırlar

Mayın 24-də "Tərtər işi" çərçivəsində bəzi həbs olunan şəxslərin yaxınları Baş Prokurorluğun inzibati binasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar işin ədalətli araşdırılmasını, yaxınlarının azadlığa buraxılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları vurğulayıblar ki, iş üzrə istintaq yenilənsə də, prosesin əvvəlində baş verən özbaşınalıqlarda əsl günahkarlar hələ də həbs edilməyib. Onların sözlərinə görə, yeni həbs edilənlər elə əvvəldən işgəncələrlə bağlı haqlarında cinayət işi açılanlardır.

2017-ci ildə iş üzrə həbs olunmuş hərbiçi Seymur Həsənovun anası: "Gəlirik, bizə bir söz deyilir, digər tərəfdə isə ayrı söz eşidirik. Biz istintaq qrupundan tələb edirik ki, bu işləri düzgün, qanuni aparsın, görək ortalığa nə çıxır. Sübut etsinlər balalarımızın günahı var, ya yox. Bircə sübutu çıxarsınlar ortalığa, biz də çəkilib durarıq qıraqda, deyərik qoy cəza çəksin".

Aksiya iştirakçısı Əlibəy Əhmədov da iddia edir ki, istintaqın əvvəlində əsas həbs olunanlar ölkənin ərazi bütövlüyü uğrunda vuruşan hərbçilər olub: "Həmin uşaqları siyahıya alıblar, o uşaqlar siyahı ilə tutulub".

Aksiya iştirakçılarından altı nəfər Baş Prokurorluğa qəbula keçib.

Hələlik, aksiyada səslənən fikirlərə Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Amma Baş Prokurorluq bir müddət öncə açıqlama yaymışdı ki, Tərtər hadisələri ilə bağlı cinayət işləri üzrə icraat ötən ilin dekabrında təzələnib, intensiv istintaq hərəkətləri aparılmaqdadır. Açıqlamada vurğulandığına görə, artıq yüzlərcə hərbi qulluqçu zərərçəkmiş kimi müəyyən edilib, bir çox işlər yenidən araşdırılır. Üstəlik, qurum işgəncələrlə bağlı həbs edilənlərin olduğunu da bildirir.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdi ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (Hüquq müdafiəçiləri onların sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib) bəzilərinə də sonradan bəraət verilib.