'Tərtər işgəncələri' nəticəsində həyatını itirən polkovnikin övladları 600 min təzminat tələb edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'

Tərtərdə 2017-ci ilin mayında hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən polkovnik-leytenant Saleh Qafarovun iki övladı atalarının ölümünə görə 600 min manat kompensasiya tələb edir – hər biri 300 min. Lakin məhkəmə hərəsinə 10 min olmaqla, 20 min manat kompensasiya təyin edib. Vəkil xərclərinə görə də əlavə 1000 manat ödənilməsinə qərar verilib. Bu qərar bir neçə gün öncə Nəsimi rayon Məhkəməsində çıxarılıb.

Mərhum polkovnikin 19 və 22 yaşlı iki övladı məhkəməyə ərizədə göstərib ki, onların atasını heç bir əsas olmadan "vətən xaini" adlandırıblar. 2017-ci ilin martında aylıq məzuniyyətə buraxılan S.Qafarovu mayın 4-də Qəbələdə evdə ailəsi ilə birlikdə olarkən gəlib aparıblar.

Övladlarının məhkəməyə ərizəsində göstərilib ki, S.Qafarovun əllərini, gözlərini bağlayıb işgəncə veriblər. Onu şillə-təpiklə, plastik boru və başqa əşyalarla döyüblər. Başını su dolu çəlləklərin içinə salıb, boğulma həddinə çatana qədər saxlayıblar, əllərində və ayaqlarında dırnaqlarını çıxarıblar, bədəninə dəfələrlə elektrik cərəyanı veriblər, qida, su və digər təbii ehtiyaclarını ödəməyə imkan verməyiblər. S.Qafarov günlərlə işgəncə altında saxlandıqdan sonra ikinci mərtəbədə otaqda nəzarətsiz qalarkən özünü pəncərədən atıb. Polkovnik hospitala aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Övladları vurğulayır ki, heç bir təqsiri olmayan S.Qafarov işgəncə görüb, həyatını itirməklə yanaşı, ölümündən sonra da üzərində 1 il ərzində dövlətə xəyanət ittihamı qalıb. Onun haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işinə düz bir il sonra - 2018-ci il mayın 4-də bəraətverici əsaslarla xitam verilib.

Şikayətçilər vurğulayıb ki, onların atasının başına gətirilənlər bütövlükdə ailəyə zərbə vurub.

Mərhum polkovnikin övladları iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyini göstəriblər. Bu qurumun nümayəndəsi isə Qafarovların iddiasına etiraz edib: "İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan heç bir qanunsuz hərəkətə yol verilməyib. Buna görə də iddia Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz".

Nəsimi rayon Məhkəməsi 600 min manatlıq kompensasiya tələbindən cəmi 20 min manatlıq hissəni təmin etməsini həm də onunla əsaslandırıb ki, bundan öncə S.Qafarovun həyat yoldaşına da təzminat kəsilib. Natəvan Qafarova ərinin başına gələnlərə görə 1.5 milyon manat kompensasiya tələb etsə də, 2024-cü ilin noyabrında məhkəmə ona 50 min manat kompensasiya ödənilməsinə qərar verib.

Xatırlatma

2017-ci ilin mayında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özləri ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.

Hökmdən narazı qalan zərərçəkən tərəf də verilən cəzanı çox yüngül sayır. Onların fikrincə, düzgün araşdırma aparılmadığından Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.