Satınalmaların yalnız yarısı müsabiqə yolu ilə keçirilib

Vüqar Gülməmmədov

2025-ci ildə satınalmaların say baxımından 52.4 faizi müsabiqə (tender) üsulu ilə icra olunub.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki, 2023–2025-ci illəri əhatə edən müqayisəli təhlillərə görə, ötən il dövlət satınalmalarının sayı 2023-cü illə müqayisədə 52 faiz, ümumi məbləği isə 43 faiz artıb.

Qeyd olunub ki, ötən il satınalmaların yarıdan çoxu (52.4 faizi) müsabiqə yolu ilə aparılsa da, ümumi xərcin 54.6 faizi bir mənbədən (müsabiqəsiz) satınalmaya sərf olunub.

Hesablama Palatası sədrinin sözlərinə görə, təhlillər zamanı maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, tender keçirən 1400-dən çox qurumun 64 faizi satınalmalara yalnız ilin ikinci rübündən başlayıb: "Həmçinin tikinti müqavilələrinin 40 faizindən çoxunda icra müddətində dəyişikliklər edilib və bu dəyişikliklərin əhəmiyyətli hissəsi satınalan tərəfin maraqlarına uyğun olmayıb. Bir mənbədən keçirilmiş 9 min 35 satınalma arasında cəmi 171 müqavilə üzrə ehtimal olunan məbləğ göstərilib. Bundan başqa, bəzi hallarda elektron açıq tenderlər nəticəsində formalaşan qiymətlər eyni predmet üzrə bir mənbədən bağlanmış müqavilələrdəkindən daha yüksək olub. Bu, əlavə təhlillərin aparılmasını zəruri edir".

V.Gülməmmədov bu göstəricilərin hələlik ilkin təhlillərə əsaslandığını və araşdırmaların davam etdirildiyini vurğulayıb.

Xatırlatma

Azərbaycan qanunvericiliyi müsabiqədənkənar müqavilələrə imkan versə də, ekspertlər bunu daha çox mənfi göstərici kimi dəyərləndirirlər. Mütəxəssislərin fikrincə, belə olduqda proses tələsik və qeyri-şəffaf təşkil edilir, üstəlik, korrupsiya şübhələri artır.

Qanunvericiliyə görə, müsabiqədənkənar və ya birbaşa müqavilələrin bağlanmasına yalnız aşağıdakı xüsusi hallarda icazə verilir:

- Bir mənbədən satınalma:

Təcili müdaxilə tələb edən qəza hallarında və ya alınacaq məhsulun (xidmətin) patent hüququ yalnız konkret bir şəxsə yaxud şirkətə məxsus olduqda;

- Məbləğ limitləri:

Əgər satınalmanın qiyməti müəyyən limitlərdən aşağıdırsa, kotirovka sorğusu keçirilir. Gündəlik xırda təsərrüfat xərcləri isə birbaşa qarşılanır;

- Dövlət sirri:

Alınacaq məhsul və ya xidmət dövlət sirri olduqda, yaxud xüsusi müdafiə və təhlükəsizlik əhəmiyyəti daşıdıqda.

İqtisadçı: "İndiyədək neçə məmur, neçə vəzifəli şəxs cəzalandırılıb?!"

İqtisadçı Natiq Cəfərli Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun açıqlamasını "Facebook" səhifəsində belə şərh edib: "Adam bundan artıq nə desin?! Bu fikirlərin sadə dilə tərcüməsi budur: dövlət büdcəsindən maliyyələşən təmir-tikinti işlərində müqavilə bağlanır, amma sonra görülən işlərin, alınan materialların qiyməti şişirdilir. Hər 10 müqavilədən 4-ündə belə qanunsuzluq baş verir və tender şərtləri tenderi udanların xeyrinə pozulur".

Ekspert əlavə edib ki, çox vaxt tenderi keçirən də, udan da eyni şəxs(lər) olur: "Yaxşı, bəs indi sual yaranır – bu hallara görə indiyədək neçə məmur, neçə vəzifəli şəxs cəzalandırılıb?!"