Təbrizdə fəal Yürüş Mehrəlibəyliyə yeni həbs cəzası verilib

Yürüş Mehrəlibəyli

Təbriz həbsxanasında saxlanılan azərbaycanlı fəal Yürüş Mehrəlibəyli yeni iş üzrə 3 il 7 ay 17 gün həbs cəzasına məhkum edilib. Xəbəri İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) yayıb.

Təbriz İnqilab Məhkəməsinin qərarına əsasən o, "rejim əleyhinə təbliğat aparmaq" ittihamı ilə 7 ay 16 gün, "insanları müharibəyə və qırğına təhrik etmək" maddəsi ilə isə 3 il 1 gün müddətinə azadlıqdan məhrum olunub.

Mehrəlibəyli bundan əvvəl də Təbriz İnqilab Məhkəməsinin qərarı ilə "qanunsuz qrup yaratmaq" ittihamı ilə 6 il 2 ay, "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" maddəsi ilə isə 3 il 7 ay (ümumilikdə 9 il 9 ay) həbs cəzası almışdı; həmin hökm hazırda İran Ali Məhkəməsində araşdırılır.

İranlı fəalların AzadlıqRadiosuna verdiyi məlumata görə, Təbriz Apellyasiya Məhkəməsi Y.Mehrəlibəylinin də aralarında olduğu 13 mədəni fəalın ümumilikdə 85 il 9 aylıq həbs cəzasını qüvvədə saxlayıb. Fəallar milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əlbir olmaqda ittiham olunurlar.

HRANA mayda yazırdı ki, 2025-ci ildə İranda etnik mənsubiyyəti və ya milli azlıq kimliyi ilə əlaqədar ümumilikdə 302 nəfər saxlanılıb ki, bu da əvvəlki illə müqayisədə 15.2 faiz artım deməkdir. Bu həbslərdən azı 186-sı məhkəmə qərarı olmadan həyata keçirilib. Bir çox hallarda rəsmi ittihamlar açıqlanmasa da, onların etnik hüquqlar uğrunda fəaliyyətlərinə görə saxlanıldıqları ehtimal edilir.