TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Sizin brauzer HTML5-i dəstəkləmir

TƏBİB ləğv edilirmi? (Arxiv videosu)

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyev bu gün, oktyabrın 19-da bununla bağlı müvafiq fərman imzalayıb.

Fərman səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə izah edilib.

TƏBİB 2018-ci ildə dövlət başçısının fərmanı ilə təsis edilib. Rəsmi açıqlamaya görə, publik hüquqi şəxs olan qurumun əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta sistemində xidmət keyfiyyətini yüksəltmək olub. Qurum yaradılarkən Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri də ona dövr edilmişdi.

Son illər TƏBİB rəhbərliyinin fəaliyyətindən narazılıqlar və müxtəlif şikayətlər yaranıb. Hətta bu ilin yanvarında işdən çıxarıldıqlarını iddia edən bir qrup stomatoloq qurumun inzibati binası qarşısında etiraz aksiyası da keçirib. TƏBİB isə cavabında qurumda şəffaflıq və optimallaşdırma işlərinin aparıldığını bildirib.

Səhiyyə naziri dəyişdi: Yeni nazir TƏBİB-dəndir

Prezidentin digər sərəncamı ilə Anar Bayramov yeni səhiyyə naziri təyin edilib. 2022-ci ilin əvvəlindən bu postu tutan Teymur Musayev isə baş nazirin müavini vəzifəsinə gətirilib.

Yeni nazir A.Bayramov bu il aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.