Bu il sentyabrın 1-dən Azərbaycanda TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin aylıq əməkhaqqı təxminən 70 faiz artırılıb.
Yerli medianın məlumatına görə, bunu sentyabrın 2-də TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında bildirib. Amma bununla bağlı dövlət başçısının hər hansı rəsmi sərəncamı hələ dərc edilməyib.
TƏBİB-in məlumatına görə, bu təşəbbüslə Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib. Prezident də bu ideyanı müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
Aparılan islahatlar nəticəsində TƏBİB sistemində illik əməkhaqqı fondunun 189 milyon manat artdığı vurğulanır.
"İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir", – məlumatda əlavə edilir.
Azərbaycanda son illər dövlət qulluqçularının aylıq əməkhaqlarında heç vaxt bu səviyyədə artım olmayıb. Artımlar da əsasən prezidentin müvafiq sərəncamları ilə həyata keçirilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
TƏBİB-ə yeni rəhbər təyin olunması nəyi dəyişəcək?
Xatırlatma
Son illər TƏBİB nəzdində bir çox tibb işçilərinin ixtisar edilməsi ilə bağlı şikayətlər eşidilib. Hətta bu il yanvarın 7-də bir qrup stomatoloq Bakıda TƏBİB-in inzibati binasının qarşısında etiraz aksiyası keçirib. Onlar deyiblər ki, aksiya keçirmələrinə səbəb ixtisar olunmalarıdır.
Əraziyə yığışanlar əlavə ediblər ki, 100-150 mindən çox əhalisi olan rayonlarda hər xəstəxanada yalnız üç stomatoloq ştatı saxlanıb.
TƏBİB-dən isə yerli saytlara bildirilmişdi ki, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir.